Azərbaycan atletləri Avropa çempionatında çıxış ediblər

Azərbaycan atletləri Avropa çempionatında çıxış ediblər

Kiprin Limassol şəhərində ağır atletika üzrə gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin 23 yaşa qədər idmançıların 6-cı Avropa çempionatı davam edir. SİA-nın məlumatına görə, Azərbaycan yığmasının daha iki üzvü körpücük üzərinə çıxıb. Qadınlar arasında 53 kq-da 4-cü yeri tutan Gülçin Əlizadədən sonra kişilər arasında 62 kq çəki dərəcəsində Rüstəm İmanzadə və Məhəmməd Məmmədli güclərini sınayıblar.

Yeniyetmələr arasında Avropa çempionu, "Zirve İnternational Sport Clubs"ın ilk dünya çempionatının qalibi, "Lənkəran-Zirvə" İdman Klubunun üzvü Rüstəm İmanzadə birdən qaldırma hərəkətində əvvəlcə 117 kq-ın öhdəsindən uğurla gəlib. Sonra 122 kq sifariş edən atletimiz bu yanaşmanı da uğurla yerinə yetirib. 3-cü yanaşmasında isə Rüstəmin 124 kq-a gəlməsi də maraqlı olub. Çünki 16 yaşı olan ağır atletimiz bu çəkini qaldırsaydı, yeniyetmələr arasında Avropa rekordunu yeniləyəcəkdi. Ancaq təəssüf ki, alınmayıb. Amma buna baxmayaraq, İmanzadə 122 kq-la bu hərəkətdə Avropa bürüncünə layiq görülüb.

Təkanla qaldırma hərəkətinə 143 kq-ı uğurla ram etməklə başlayan İmanzadə, ikinci cəhdində 148 kq-a yaxınlaşıb. Ancaq idmançımızın yanaşması uğursuz olub. Rüstəm növbəti yanaşmadan imtina edib. Buna baxmayaraq, o, bu hərəkətdə 6-cı, toplamda 5-ci yeri tutmağı bacarıb.

Yeniyetmələr arasında Avropa çempionatının gümüş medalçısı, "İsmayıllı-Zirvə" İdman Klubunun üzvü Məhəmməd Məmmədli birdən qaldırma hərəkətində əvvəlcə 100, daha sonra isə 105 kq-ın öhdəsindən gəlib. O, son yanaşmasında 110 kq-ı ram edə bilməyərək bu hərəkətdə 11-ci oldu.

Təkanla qaldırma hərəkətində Məhəmməd əvvəlcə 125, daha sonra 132 kq-ı başı üzərinə qaldırıb. Son cəhdində 135 kq-lıq ştanqa güc gələ bilməyən Məmmədli bu hərəkətdə 10-cu olub.

Məhəmməd toplamda 237 kq-la (105+132) Avropa çempionatının 12-ci yerində qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə