"AOK Avropa Oyunlarının keçirilməsi üçün Bakıdan yaxşı namizəd görmürdü" FOTOLAR

"AOK Avropa Oyunlarının keçirilməsi üçün Bakıdan yaxşı namizəd görmürdü" FOTOLAR

Bu gün Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının yekunu ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, konfransda Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki və Azərbaycan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə iştirak edib.

AOK-un prezidenti Patrik Hikki Baş Assambleyanın çox uğurlu keçdiyini bildirib. O qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax da tədbirdə iştirak edib və Azərbaycanın təşkilatçılığından razı qalıb: "Azərbaycanın Milli Olimpiya Komitəsi təşkilati işləri nümunəvi şəkildə yerinə yetirdi. Biz Azərbaycanın birinci Avropa Oyunlarına hazırlıq işlərindən çox razıyıq. Baş Assambleyada Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Oyunlara hazırlıqla bağlı təqdimatı keçirilib. Hazırlıqlar çox uğurlu olub. Avropada belə oyunların keçirilməsinə 7 il vaxt verilir. Azərbaycan isə 2 ildə möhtəşəm işlərə nail olub.

AOK birinci Avropa Oyunlarının keçirilməsi üçün Bakıdan yaxşı namizəd görmürdü. Bakıda hazırlıqlar fantastik şəkildə uğurla həyata keçirilir. Burada çoxlu sayda peşəkarlar, mütəxəssislər və könüllülər birlikdə çalışırlar".

O, Ermənistanın birinci Avropa Oyunlarında iştirak edəcəyini də qeyd edib: "BOK-un prezidenti Tomas Baxla birlikdə Ermənsitanda olduq və danışıqlar apardıq. Ermənistan Milli Olimpiya Komitəsinin 2 nəfər nümayəndəsi burada keçirilən AOK-un 43-cü Baş Assambleyasında da iştirak etdilər. Onlar Azərbaycanda Baş Assambleyada iştirak üçün yaradılan şəraitdən çox razı qaldılar. Ermənistan Milli Olimpiya Komitəsinin nümayəndələri 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarında iştirak edəcəklərini bildirdilər".

Azərbaycan Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə isə AOK-un 43-cü Baş Assambleyasında bir çox önəmli məsələlərin müzakirə edildiyini deyib. Vitse-prezident birinci Avropa Oyunlarına hazırlıqlarla bağlı fikirlərini də bildirib: "Bakı 2015 birinci Avropa Oyunlarına hazırlıq son mərhələdədir və çox uğurlu işlər həyata keçirilib. Belə böyük Oyunları keçirmək üçün təcrübəmiz olmasa da, biz peşəkarlar və mütəxəssisləri bura dəvət etdik. Heç bir çətinliyimiz yoxdur. Tamamlama işləri qaydasında və uğurlu şəkildə davam etdirilir".

O, birinci Avropa Oyunlarında güləş yarışları barədə də danışıb: "Yeni qaydalara əsasən, olimpiadalarda güləşin hər 3 növü üzrə hərəsindən 6 çəkidə yarışlar təşkil olunur. Bu, Beynəlxalq Güləş Federasiyasının qərarıdır".

Xatırladaq ki, noyabrın 21-22-də Bakıda Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyası keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə