Bakı 2015 Avropa Oyunları xatirə markalarını təqdim edib FOTOLAR

Bakı 2015 Avropa Oyunları xatirə markalarını təqdim edib FOTOLAR

Bu gün Bakı 2015 Avropa Oyunları gələn ilin yayında keçiriləcək birinci Avropa Oyunlarını qeyd etmək məqsədilə altı ədəd poçt markasının ilk buraxılışını təqdim edib. SİA-nın məlumatına görə, rəngli markalarda Bakı 2015 Avropa Oyunlarının keçiriləcəyi obyektlərindən altısının, o cümlədən, gələn il açılış və bağlanış mərasimlərinin, eyni zamanda, yüngül atletika yarışlarının keçiriləcəyi Milli Stadionun unikal bədii təsvirləri əks olunub .

Təsvir olunan digər obyektlərə Tofiq Bəhramov adına Respublika Stadionu, "Crystal Hall", Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Bakı Su İdmanı Mərkəzi və Milli Gimnastika Arenası daxildir.

Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov yeni markalarla bağlı fikirlərini bildirib: "Bu gözəl markalar gələn ilin yayında Bakıda elit idman növləri üzrə yarışların keçiriləcəyi bir sıra dünya səviyyəli obyektləri nümayiş etdirir. Bu oyunlar bütün Avropanı bir arada birləşdirəcək möhtəşəm idman tədbirindən gözəl xatirə olaraq bütün Azərbaycanda tanınacaq".

Qeyd edək ki, hər bir markanın dəyəri 60 qəpikdir. Gələn il keçiriləcək Bakı 2015 Avropa Oyunlarına daxil edilən 20 idman növünün hər birini əks etdirən təsvirlərin ikinci buraxılışı hazırlanacaq. Gələcəkdə 26 markanın hər birini bir arada əks etdirən üçüncü xatirə kitabı da buraxılacaq.

Azərbaycan Respublikasının gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru Azad Rəhimov da yeni markalarla bağlı fikirlərini bildirib: "Markalar birinci Avropa Oyunları ilə əlaqədar olaraq buraxılacaq kolleksiya əşyalarının geniş hissəsini təşkil edir. Əminəm ki, markalar gələcək illərdə təkcə möhtəşəm idman obyektlərimizi əks etdirən valehedici görünüşlərinə görə deyil, həm də bütün ölkənin Bakı 2015 Avropa Oyunlarına göstərdiyi dəstəyi əks etdirərək yaddaşlarda qalacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə