Sərbəst güləş yığmamız dünya çempionatında 3-cü yerə yüksəldi

Sərbəst güləş yığmamız dünya çempionatında 3-cü yerə yüksəldi

Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş güləş üzrə böyüklər arasında dünya çempionatının nəticələrində dəyişiklik baş verib. SİA-nın məlumatına görə, sərbəst güləş yarışlarında 97 kq çəki dərəcəsində bürünc medal qazanmış Türkiyə təmsilçisi Şamil Erdoğanın qadağan olunmuş preparatlardan istifadəsi bir neçə mərhələli yoxlamalardan sonra öz təsdiqini tapıb. Bununla əlaqədar Dünya Güləş Birliyi Şamil Erdoğanın 2 illik diskvalifikasiyasına, onun qazandığı medalın Kuba güləşçisi Javier Cortinaya verilməsinə qərar verib.

Bu qərar komanda hesabında ölkələrin sıralanmasına da təsir edib. Belə ki, Türkiyə yığmasının hesabından bürünc medalın silinməsi dünya çempionatını 4-cü sırada tamamlamış Azərbaycanın sərbəst güləş yığmasının bir pillə irəliləməsinə səbəb olub.

Beləliklə, Daşkənddə keçirilmiş dünya çempionatını 1 qızıl (Hacı Əliyev - 61 kq) və 1 gümüş (Xetaq Qazyumov - 97 kq) medalla başa vuran sərbəst güləşçilərimiz komanda hesabında 3-cü yerdə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə