Rövşən Həsənov: “Yemelyanenko ilə birlikdə yeni idman layihələri həyata keçirəcəyik”
Azərbaycan MMA Liqasının fəxri prezidenti, Avropa MMA Assosiasiyasının vitse-prezidenti Rövşən Həsənov Bakıda keçirilən Avropa çempionatının nəticələrindən razı qaldığını bildirib. SİA-nın məlumatına görə, o, qitə birinciliyinin MMA üzrə ölkəmizdə keçirilən ən böyük yarış olduğunu qeyd edib: "Biz WMMAA-nın etimadını doğrultmağa çalışdıq. Ümumdünya Qarışıq Döyüş növləri Assosiasiyasının prezidenti Vadim Finkelşteyn, MMA-ın canlı əfsanəsi Fyodr Yemelyanenko təşkilatçılığı yüksək qiymətləndirdi. Bizə bu yarışı keçirməkdə dəstək olan gənclər və idman naziri Azad Rəhimova təşəkkür etmək istərdim. Dörd medal qazanmaqla millimiz komanda hesabında ikinci yeri tutdu".
İdmançılarımızın çıxışına gəlincə, R. Həsənov Avropa çempionu Zaur Hacıbabayevin qələbəsini xüsusi qeyd edib: "Zaur bu il dünya çempionu olub. O, Asiya birinciliyinin qalibi, Dünya Kubokunun sahibidir. Kolleksiyasında yalnız qitə çempionluğu yox idi. Həmin titulu da Bakıda qazandı.
Eyni zamanda, Taleh Nəcəfzadə fədakarlıq nümayiş etdirdi. O, yarımfinalda zədələnsə də finalda sona qədər yarışdı. Halbuki zədə olmasaydı, T. Nəcəfzadə qızıl medal qazana bilərdi".
R. Həsənovun sözlərinə görə, MMA üzrə dəfələrlə dünya və Avropa çempionu olan Fyodr Yemelyanenko Bakıya səfərindən məmnunluqla ayrılıb: "Fyodr Yemelyanenko MMA-ın əfsanəsidir. Onun çox sıx iş qrafiki var, hər bir yarışda iştirak etmək imkanı olmur. Bununla belə dəvətimizi qəbul edərək ölkəmizə gəldi. İki gün bizimlə birlikdə yarışları izlədi. Qonaq Bakının gözəlliyinə valeh oldu. Biz onunla birlikdə Dövlət Bayraq Meydanında, İçəri Şəhərdə olduq. Yemelyanenkoya Bakının Avropanın gözəl şəhərləri sırasında olduğunu dedik.
Avropa çempionatı zamanı qonağımıza azarkeşlər və media tərəfindən böyük diqqət göstərildi. Ona görə Fyodrun gələcəkdə də ölkəmizə səfərləri olacaq. Yemelyanenko ilə birlikdə yeni idman layihələri həyata keçirəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB