Bakı 2015 Avropa Oyunları İstanbulda təqdim ediləcək

Bakı 2015 Avropa Oyunları İstanbulda təqdim ediləcək

Bakı 2015 Avropa oyunlarının təqdimat mərasiminin İstanbul şəhərində keçirilməsi məqsədilə, gənclər və idman naziri Azad Rəhimov Türkiyəyə rəsmi səfərə yola düşüb. SİA-nın məlumatına görə, İstanbulun "Çırağan" Sarayında baş tutacaq təqdimat mərasimində Bakı 2015 Avropa Oyunlarına hazırlıq haqda film nümayiş olunacaq, yarışlarda Avropanın 49 ölkəsindən 6000-dən çox idmançının 20 idman növündə mübarizə aparacaqları haqda məlumatlar veriləcək.

Azərbaycanın birinci xanımı, Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsinin rəhbəri Mehriban Əliyevanın sədrliyi ilə görülən işlər, yarışların keçiriləcəyi məkanlar, istifadəyə verilmiş və hazırda tikilməkdə olan idman qurğuları, 7300 nəfər üçün nəzərdə tutulmuş olimpiya kəndinin hazırlığı istiqamətində görülən işlər barədə məlumatlar da diqqətə çatdırılacaq.

A. Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının bir il sonra, Rioda gerçəkləşəcək Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıdığını və bir neçə idman növündə lisenziya qazanmaq istiqamətində xüsusi rol oynadığını diqqətə çatdıracaq. Nazir eyni zamanda, Bakı şəhərinin müxtəlif illərdə bir sıra Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etdiyini, 22 illik müstəqilliyi dövründə Azərbaycanın 200-dən artıq idmançısı ilə yay və qış olimpiya oyunlarına qatıldığını, Azərbaycan yığmasının bu günə qədər iştirak etdiyi Olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2000-ə yaxın medal qazandığı haqda məlumatları qonaqlarla bölüşəcək.

A. Rəhimov öz çıxışında Bakının bir çox beynəlxalq yarışlara ev sahibliyi etdiyini, qısa müddət bundan öncə şəhərimizdə bədii gimnastika üzrə Avropa çempionatının yüksək səviyyədə keçirildiyini, 2016-cı ildə ölkəmizdə Formula 1 Grand Prix, şahmat üzrə dünya çempionatının, 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarının baş tutacağı barədə məlumatları da diqqətə çatdıracaq.

Bütün xəbərlər Facebook səhifəmizdə