Bakı 2015 Avropa Oyunları Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinqə ev sahibliyi edib. SİA-nın məlumatına görə, Bakı 2015-in rəhbər şəxsləri İlk Avropa Oyunları ilə bağlı ən son yeniliklər və gələcəkdə ölkədə keçiriləcək idman yarışları haqqında beynəlxalq nümayəndələr qarşısında təqdimatlar keçiriblər.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş icraçı direktoru və Azərbaycan Respublikasının gənclər və İdman naziri Azad Rəhimov nümayəndələr qarşısında çıxış edib. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq İlk Avropa Oyunları haqqında ümumi məlumat verib.
A. Rəhimov deyib: "Diplomatik brifinq komandamız üçün gələn il keçiriləcək Bakı 2015 Avropa Oyunlarına hazırlıqlarla bağlı ən son yeniliklər haqqında diplomatik nümayəndəlikləri məlumatlandırmaq baxımından mükəmməl fürsət oldu.
Biz beynəlxalq aləmdə İlk Avropa Oyunlarına böyük marağın yaranacağını bilirik, ona görə də diplomatik nümayəndələri hazırlıq işlərimiz barədə məlumatlandırmaq çox vacib hesab edilir".
Görüşdə 60 ölkədən 100-dən çox nümayəndə iştirak edib.
Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Milli Olimpiya Komitələrinin Avropa Oyunlarında gördükləri işlər barədə danışıb.
S. Kleq deyib: "Bu qədər diplomatik lideri burada - Bakı şəhərində bir arada toplamaq və onları Avropa Oyunları ilə bağlı ən son xəbərlər haqqında ətraflı şəkildə məlumatlandırmaq bizim üçün böyük şərəf oldu.
Qarşıdan gələn illərdə Azərbaycan mühüm idman yarışlarına ev sahibliyi edən və dünyanın buraya dəvət olunacağı mükəmməl idman mərkəzinə çevriləcək. Bizim beynəlxalq ictimaiyyəti burada mövcud olan imkanlar və əldə olunan irəliləyişlər barədə məlumatlandırmağımız vacib haldır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB