Bakı 2015-in rəhbər şəxsləri Taylandda son yeniliklərdən danışıblar FOTO
Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin rəhbər şəxsləri Taylandın Banqkok şəhərində Milli Olimpiya Komitələri Assosiasiyasının XIX Baş Assambleyasında ilk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar əldə edilmiş irəliləyişlər haqqında məlumat veriblər. SİA-nın xəbərinə görə, 7-8 noyabr tarixlərində keçirilən tədbirə MOKA ev sahibliyi edib və buraya dünyanın Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan 204 Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri cəlb olunub.
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və sözügedən komitənin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva tədbirdə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq və onun komandası ilə birlikdə iştirak ediblər.
"Gələn il biz Bakıda keçiriləcək və Azərbaycanın idman tarixində bu günə qədərki ən qürurverici an olan ilk Avropa Oyunlarına şahidlik edəcəyik. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsində fəaliyyət göstərən hər kəsin və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində çalışan dostlarımızın zəhmətkeşliyi sayəsində biz gələn il dünyanı Azərbaycanda salamlamağa hazır olacağıq. Bu, Avropa idmanının şərəfli tarixində yeni səhifə açacaq bayram olacaq"- deyə, MOKA Baş Assambleyasında çıxış edən Nurullayeva bildirib.
Kleq və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin komandası Avropanın Milli Olimpiya Komitələrinin Prezidentlərinə və Baş Katiblərinə Avropa Oyunlarının Avropada və dünyada yayımı haqqında imzalanmış sazişləri ilə bağlı yenilikləri çatdırıblar.
Onlar həmçinin idman proqramı ilə əlaqədar son irəliləyişlər və Bakı 2015-in uğurla həyata keçirdiyi ilk üç sınaq yarışı haqqında da ətraflı məlumat veriblər.
"Bu vaxta qədər mühüm təcrübələr qazanmışıq və komandamız Avropanın bütün Milli Olimpiya Komitələrinə ən yaxşı xidmətin göstərilməsi, onların ilk Avropa Oyunlarından ən yaxşı təəssüratlar alması məqsədi ilə gələn ilin əvvəllərinə planlaşdırılan çoxsaylı sınaq yarışları ilə inkişaf etməyə davam edəcək" deyiə, Kleq vurğulayıb.
Baş ofisi İsveçrənin Lozanna şəhərində yerləşən MOKA 1979-cu ilin iyun ayında təsis edilib və məqsədi idmançıların və bütövlükdə Olimpiya Hərəkatının mənafeyi naminə dünyanın 204 Milli Olimpiya Komitəsini dəstəkləməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB