Azərbaycanın Şahmat tarixində ilk

Azərbaycanın Şahmat tarixində ilk

Noyabr ayının 8-10-da Soçidə FİDE-nin Prezident Şurasının qərarına əsasən 14 yaşlı Azərbaycan şahmatçısı Günay Məmmədzadəyə qadınlar arasında beynəlxalq qrossmeyster adı verilib. SİA-nın məlumatına görə, Günay Azərbaycanın Şahmat tarixində belə gənc yaşında qadınlar arasında beynəlxalq qrossmeyster adı alan ilk şahmatçıdır

Məmmədzadə Günay Vüqar qızı 2000-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildən şahmatla məşğul olur. İlk dəfə 2007-ci ildə Azərbaycan çempionatında səkkizyaşlı qızlar arasında keçirilən yarışda III, IV yeri, 2007-ci ildə isə Gürcüstanın Batumi şəhərində keçirilən səkkizyaşlı qızlar arasında Avropa çempionatında III yerə çıxıb. O, həmin il Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında II yeri tutub. Günay 2008-ci ildə Batumidə keçirilən dünya çempionatında I yerə çıxaraq üçrəngli bayrağımızı zirvəyə qaldırıb. Həmin ildə Vyetnamın Vunqtau şəhərində səkkizyaşlı qızlar arasında keçirilən dünya çempionatında III, 2009-cu ildə isə 10 yaşlı qızlar arasında Türkiyənin Antalya şəhərində keçirilən dünya çempionatında birinci olub. 2009-cu ildə Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən "Yaxşıların yaxşısı" nominasiyasında, 2007, 2008, 2009-cu illərdə Təhsil Nazirliyi tərəfindən keçirilən "İlin ən yaxşı şahmatçısı" nominasiyasında birinci yeri tutub. 2011-ci ildə qadınların Bakı çempionatında II yerin sahibi, sonralar dəfələrlə Avropa çempionu və beynəlxalq turnirlərin qalibi olub. 2012-ci ildə Rumıniyanın Yası (İassi) şəhərində 36 ölkənin iştirakı ilə keçirilən məktəblilər arasında şahmat üzrə VIII dünya çempionatında I yerə çıxaraq dünya çempionu adını qazanıb. Nəhayət, 2013-cü ildə Çernoqoriyanın Budva şəhərində keçirilən 8-18 yaşlı yeniyetmələrin Avropa çempionatında 14 yaşlı qızlar arasında çempion adını qazanıb.

Günay Məmmədzadə 2014-cü ilin fevral ayının 1-dən 9-dək Moskva şəhərində keçirilən ənənəvi "Moskva Open" turnirində və fevral ayının 10-dan 19-dək Minskidə keçirilən David Bronşteynin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə uğurla çıxış edərək beynəlxalq qrossmeyster normasının ilk balını və beynəlxalq usta normasının sonuncu balını toplayıb. Məmmədzadə, həmçinin bu il Respublikamızın müstəqilliyinə həsr olunmuş "Baku Open 2014" beynəlxalq şahmat turnirdə qrossmeyster normasını və kişilər arasında beynəlxalq usta balını toplayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə