Rəşad Sadiqov: "Etiraf edim ki, milliyə təklif gözləyirdim" MÜSAHİBƏ

Rəşad Sadiqov: "Etiraf edim ki, milliyə təklif gözləyirdim" MÜSAHİBƏ

"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Rəşad Sadiqov azerisport.az saytına müsahibə verib. SİA həmin müsahibəni təqdim edir:

- Yığmanın müvəqqəti baş məşqçisi təyin olunan Mahmud Qurbanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Norveçlə oyuna əsasən yerli futbolçuları çağırdı. Amma siz həmin siyahıda da yer almadınız...

- Etiraf edim ki, təklif gözləyirdim. Amma mənə təklif göndərmədilər. Bu barədə heç bir söz deyə bilmərəm.

- Bildiyimizə görə zədəniz yoxdu. Hər turda da meydana çıxırsınız...
- Elədir. Hər halda niyə çağırılmadığımı Qurbanovdan soruşsanız, daha yaxşı olar.

- Berti Foqts da sizə ehtiyac duymurdu, Qurbanov da çağırmadı. Bəlkə siz artıq Azərbaycan yığmasındakı karyeranızı unutmalısınız?
- Allah eləsin ki, məni yenə yığmada görəsiniz. Mən hələ özüm millidəki karyerama nöqtə qoymamışam. Milli komandada oynamağı yenə istəyirəm. Bunun üçün əlimdən gələni edəcəyəm.

- Berti Foqtsun istefasını necə qarşıladınız?

- Normal. Artıq vaxt idi. Yeni baş məşqçiyə gəlincə, onun kimliyini biz futbolçular müzakirə edə bilmərik.

- Sizcə, millimiz Qurbanovla Norveçə qarşı uğurlu çıxış edə biləcək?
- Bakıda norveçliləri asanlıqla məğlub edə bilərik.

- "Xəzər Lənkəran" son turlarda nəticə verməyə başlayıb. Komandada atmosfer necədir?

- Hətta nəticələr pis olanda da klub rəhbərliyi komandadakı atmosferin yaxşı olması üçün hər şeyi etdi. Prinsipcə, bizim indi daha yaxşı nəticələr qazanmağa başlamağımızın da səbəbi budur. Amma hələ heç nəyə nail olmamışıq. Xal qazanmağa davam etmək lazımdır.

- "Araz Naxçıvan"a görə artıq 3 xalınızın silinəcəyi ilə barışmısınız?

- Bundan "Neftçi" istisna olmaqla, qalan klubların hamısı əziyyət çəkəcək. Təəssüf ki, oyunların da sayı azalacaq. Çünki Premyer Liqada Naxçıvanın yeganə təmsilçisi bu komanda idi.

Bütün xəbərlər Facebook səhifəmizdə