Azərbaycanın ilk peşəkar kontinental velosiped komandası "Synergy Baku" Çində keçirilən sayca 5-ci "Tour of Taihu Lake" yürüşündə çıxışını davam etdirir. 17 kontinental və 3 milli komandanın iştirak etdiyi 9 mərhələli yarış Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyasına malikdir. SİA-nın məlumatına görə, bu gün keçirilən 7-ci mərhələdə iştirakçılar 126.2 km məsafə qət ediblər. Velosipedçilərimizin hamısı finişi mərhələ qalibi ilə eyni vaxtda keçən pelotonun içərisində olublar - 2 saat, 47 dəqiqə. Fotofinişə əsasən Maksim Averin 12-ci, Elçin Əsədov 15-ci, Aleksandr Surutkoviç 16-cı, Samir Cəbrayılov 24-cü, Ənvər Asanov 32-ci, İsmayıl İlyasov isə 49-cu olub.
7 mərhələdən sonra ümumi sıralanmaya gəlincə, ilk 20-likdə komandamızın 3 üzvü yer alır. Samir Cəbrayılov 12-ci, Aleksandr Surutkoviç 16-cı, Maksim Averin isə 19-cudur.
Yürüşün 23 yaşadək velosipedçiləri arasında Samir Cəbrayılov 4-cü pillədədir. O, liderə cəmi 5 saniyə uduzur. İsmayıl İlyasov 8-ci, Ənvər Asanov isə 13-cü yerdə qərarlaşır.
Komanda hesabında "Synergy Baku" 3-cü pillədədir.
Sabah keçiriləcək 8-ci mərhələdə iştirakçılar 114 km məsafə qət etməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB