"Əlbəttə, uduzmaq istəməzdik. Ən azından heç-heçə etmək istəyirdik". SİA-nın məlumatına görə, bu sözləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda Ukraynanın "Dnepr" klubu ilə keçirdikləri oyundan sonra deyib.
O, qarşılaşmanı belə şərh edib: "Bu gün "Dnepr"in əsl gücünü gördük. Futbolçular sonadək döyüşdülər. Səhvlərimiz oldu. Gözləmədiyimiz vəziyyətlərdə qollar buraxdıq. Amma futbolçulara çox iradımız yoxdur. Artıq növbəti oyunumuzu düşünməliyik.
İstədiklərimizi edə bilmədik. Qol vəziyyətlərimiz olsa da, onlardan lazımınca yararlana bilmədik. Biz heç-heçəyə oynamırdıq. Amma rəqibin gücünü də nəzərə almaq lazımdır. Sadəcə düzgün oynamağa çalışırdıq".
Mütəxəssis rəqibin oyunu bir futbolçu üzərində qurduğunu qeyd edib: "Dnepr"in heyətində Kaliniçin oyununu xüsusi qeyd edərdim. Demək olar ki, bu oyunu o, təkbaşına qazandı. İrəli göndərilən topların 90 faizini o qəbul etdi. "Dnepr" bütün oyunu məhz onun üzərində qurmuşdu. Çox yaxşı hücumçudur".
Baş məşqçi "Qarabağ"ın qrupdan çıxmaq şanslarından da danışıb: Öncədən biz qarşımıza qrupdan çıxmaq vəzifəsi qoymamışdıq. Şansımız hələ də var. "Sent-Etyen"lə səfər oyunumuz "Dnepr"lə Bakıdakı oyundan daha asan olacaq. Kiyevdəki qələbədən sonra bu oyundakı çıxışımız məni çox düşündürürdü. Fransadakı oyunda isə bu qədər təzyiq olmayacaq. Şans varsa, sonadək mübarizə aparmalıyıq".
Qeyd edək ki, oyun 1:2 hesabı ilə "Dnepr"in xeyrinə baş çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB