"Qarabağ" klubu Bakıda "Dnepr"ə məğlub oldu

"Qarabağ" klubu Bakıda "Dnepr"ə məğlub oldu

Bu gün futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ" və Ukraynanın "Dnepr" komandaları qarşılaşıb. SİA-nın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun "Dnepr" komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun ilk dəqiqələrində Azərbaycan təmsilçisi rəqib komandanın qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Oyunun 11-ci dəqiqəsində isə rəqibin cərimə meydançasında "Qarabağ"ın futbolçusu Almeydanın qarşısını kobudluqla kəsən ukraynalı müdafiəçilərə hakim "göz yumub". Görüşün 15-ci dəqiqəsində "Dnepr"in futbolçusu Nikola Kaliniç hava ötürməsini başla dəqiq yerinə yetirərək komandasını hesabda irəli çıxarıb.
Bundan sonra hücumlarının sayını bir qədər də artıran "Qarabağ" hesabı bərabərləşdirməyə nail olub. Görüşün 35-ci dəqiqəsində Reynaldonun driblinqinə kobudluqla mane olan ukraynalıların qapısına cərimə zərbəsi təyin edilib. Bir dəqiqə sonra Leroy Corc zərbəni dəqiqliklə yerinə yetirərək hesabı bərabərləşdirib - 1:1.
Komandalar fasiləyə bu hesabla yollanıblar.
Oyunun ikinci hissəsində üstünlüyü ələ alan "Qarabağ"ın bir neçə dəfə fərqlənmək şansı olub. Sürətli oyun nümayiş etdirən Ağdam təmsilçisi hesabı artırmağa yaxın olsa da bəxt "Dnepr"in üzünə gülüb. Qarşılaşmanın 73-cü dəqiqəsində Nikola Kaliniç özünün və komandasının ikinci qolunu vuraraq "Dnepr"i hesabda yenidən irəli çıxarıb - 1:2
"Qarabağ"ın qalan vaxt ərzində hesabı bərabərləşdirmək cəhdləri nəticəsiz qalıb.
Beləliklə oyun 1:2 hesabı ilə başa çatıb.
Qarşılaşmada "Qarabağ"ın heyətində Bədavi Hüseynov, "Dnepr"in futbolçularından isə İvan Strinic, Roman Zozulya, Nikola Kaliniç, Jaba Kankava və Ruslan Rotan kobud oyuna görə sarı vərəqə ilə cəzalandırılıblar.
Oyunu polşalı baş hakim Pavel Gil idarə edib. Ona həmyerliləri Piotr Sadczuk və Marcin Borkovski kömək ediblər. Matçın dördüncü hakimi Konrad Sapela olub.
İki həftə əvvəl Kiyevdə keçirilən qarşılaşmada Qurban Qurbanovun yetirmələri "Dnepr"i minimal (0:1) hesabla məğlub etmişdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə