Topaz Premyer Liqasının XI turunda "Neftçi" AZAL-ı 4:0 hesabı ilə məğlub edib. SİA-nın məlumatına görə, oyundan sonra komandaların baş məşqçiləri qarşılaşma barədə danışıblar:
Arif Əsədov ("Neftçi"nin baş məşqçisi): "Komandam çempionat ərzində ən yaxşı oyunlarından birini keçirdi. Oyuna ilk dəqiqələrdən yaxşı kökləndik. Topu özümüzdə daha çox saxlamalı idik. Eyni zamanda, itirdiyimiz topu da tez əldə etmək üçün çalışmalıydıq. Komanda öz oyununu tapmaqdadır. Kanalesə mütəmadi olaraq, şans verirdim. Bu gün iki qol vurdu. Yəqin ki, bu gün vurulan qollar ona gələcək matçlarda da kömək edəcək. Hücumu daha da yaxşılaşdırmalıyıq. Gənc qapıçı Emil Balayevə güvənirik. O da etimadı doğruldur. Elşən Abdullayevin də oyununu qeyd etməliyəm. Turnir cədvəlində irəli getdikcə biz gənclərə daha çox şans verəcəyik. Həmin vaxt gənclər daha sərbəst oynayırlar. Elşən oyuna yaxşı qoşuldu. Amma oyunun gedişində zədə aldı. Elşənin tez bir zamanda bərpa olunacağını düşünürəm" .
Tərlan Əhmədov (AZAL-ın baş məşqçisi): "Belə oyunlardan sonra danışmaq çətindir. Futbolçulardan belə sönük oyun gözləmirdim. Ola bilər ki, ot örütüyü, oyunlar arasında fasilənin az olması nəticəyə təsir etsin. Bu gün komandamı tanıya bilmədim. Komandam bu gün heç nə edə bilmədi. Bəlkə də futbolçular "Simurq"la oyunun son dəqiqələrində buraxılan qolun şokundan hələ ayılmayıblar. Bu oyun göstərdi ki, görüləsi işlər çoxdur. Bir komanda 3 ay ərzində formalaşmır. Yaxşı ki, fasilə var. Həmin fasilədən maksimum istifadə etməliyik. Məğlubiyyət üzücüdür. Bunun səbəblərini araşdıracağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB