Saymon Kleq: "I Avropa Oyunları üçün ayrılan vəsaiti gələcəyə yatırılan sərmayə kimi görürük" MÜSAHİBƏ
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleqin SİA-ya eksklüziv müsahibəsi:
- Birinci Avropa Oyunları ilə bağlı hazırlıq işləri hansı mərhələdədir və idman obyektlərində keçirilən, həmçinin bundan sonra keçirilməsi nəzərdə tutulan sınaq yarışları barədə məlumat verərdiniz…
- Hazırlıq prosesi çox yaxşı gedir. Biz Avropa Oyunlarını vaxtında və dünya standartlarına uyğun səviyyədə keçirəcəyimizə son dərəcə əminik.
Birinci Avropa Oyunlarının İdman proqramına hazırda 20 idman növü daxildir. Bakı 2015 Avropa Oyunlarının açılış mərasiminədək qalan səkkiz ay müddətində bu rəqəmdə dəyişiklik olmayacaq. Sınaq yarışları hər bir idman növü və idman kateqoriyası üzrə keçiriləcək ki, bu da bizə, eyni zamanda yeni tikilmiş və ya bərpa edilmiş obyektləri də sınaqdan keçirmək imkanı yaradacaq.
Avropa Oyunları ilə əlaqədar ümumilikdə beş yeni obyekt tikilib. Bakı Su İdmanı Mərkəzi, Milli Gimnastika Arenası, BMX Veloparkı və Bakı İdman Zalında müvafiq idman yarışları keçiriləcək. Bundan əlavə, tikilməkdə olan Milli Stadionda yüngül atletika yarışları, eyni zamanda möhtəşəm açılış və bağlanış mərasimləri keçiriləcək.
Oktyabrın 18-də Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə əməkdaşlığı ilə Dağ Velosipedi üzrə sınaq yarışı keçirilib. Sınaq yarışının təşkili ilə bağlı çox müsbət rəylər almışıq. İdmançılar və rəsmi şəxslər də sınaq yarışından çox razı qalıblar.
Milli Gimnastika Arenasının aprel ayında rəsmi açılışı olub. Bədii gimnastika üzrə Avropa çempionatının keçirildiyi birinci dərəcəli idman obyekti artıq idmançıları və idman azarkeşlərini sevindirib. Tofiq Bəhramov adına Respublika Stadionunda yeniyetmələr arasında Avropa təsnifat yarışlarını keçirmişik. Bu da böyük uğur idi və bizim yarışların təşkili ilə bağlı işimiz Avropa Atletika Assosiasiyası tərəfindən yüksək qiymətləndirildi.
Digər obyektlərdə gedən tikinti işləri mart ayında başa çatdırılacaq və daha sonra həmin obyektlərdə müvafiq idman növləri üzrə sınaq yarışları keçiriləcək. Açılış mərasiminədək qalan günlərin geriyə sayımına davam etdiyimiz vaxtda, bütün dünyanın zövq alacağı möhtəşəm idman yarışlarına ev sahibliyi etmək üçün doğru yolda olduğumuzdan daha çox əminəm.
- I Avropa Oyunlarının keçirilməsi üçün Azərbaycanın 2015-ci ilin dövlət büdcəsindən 1,3 mlrd manat ayrılacaq. Bu vəsait Avropa Oyunlarının yüksək səviyyədə təşkili və Azərbaycanın inkişafı üçün hansı imkanları yaradacaq?
- Biz çox sayda mövcud obyekt infrastrukturundan istifadə edərək Bakı 2015 Avropa Oyunları ilə bağlı mümkün qədər münasib və məqbul maliyyə planı hazırlamışıq və təhvil verəcəyimiz məhdud sayda yeni tikintilər var. Bakı şəhəri təşkilatçı şəhər seçildiyi zaman yardımçı nəqliyyat infrastrukturunun çoxu - yeni hava limanı terminalı, avtobus və dəmiryolu sistemlərində təkmilləşdirmə işləri artıq həyata keçirilmə mərhələsində idi və həmin infrastrukturlar Oyunlardan sonra Azərbaycan ictimaiyyəti üçün çox gözəl irs qoyacaq, iqtisadi və biznes sahəsindəki gücü artıracaq.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) dövlət büdcəsindən ayırmalar barəsində danışmaq səlahiyyətinə malik deyil, lakin biz bu ayırmaları xərclər kimi deyil, gələcəyə yatırılan sərmayə kimi görürük.
- Birinci Avropa Oyunları Azərbaycanın inkişafı və təşviqi baxımından böyük əhəmiyyət kəsb edir. Bəs sözügedən Oyunlar Azərbaycana digər nə kimi faydalar gətirəcək?
- Birinci Avropa Oyunları çoxsaylı idman növləri üzrə Azərbaycanda keçiriləcək ilk əsas idman yarışları və ölkədə idman mədəniyyətinin inkişafı istiqamətində atılmış olan böyük addım olacaq.
Avropa Oyunlarına ev sahibliyi etmək, Bakı şəhərinin və Azərbaycanın əsas beynəlxalq idman yarışlarına ev sahibliyi edə bilmək sahəsindəki etibarını və bu etibar sayəsində nüfuzunu artıracaq. Bu, gələcək tender imkanları baxımından ölkəni idman xəritəsində yaxşı mövqedə yerləşdirəcək.
Avropa Oyunlarına ev sahibliyi etmənin faydaları Azərbaycanda artıq görülməkdədir. Onlara 2016-cı ildə keçiriləcək Formula 1 üzrə Avropa Qran-Pri yarışları, 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunları və UEFA Avro 2020 turnirində keçiriləcək futbol matçları daxildir.
Avropa Oyunları yeni yarışlar olduğundan bu mərhələdə Avropa Olimpiya Komitələri (AOK) və BEGOC diqqətlərini möhtəşəm birinci Avropa Oyunlarının keçirilməsinə yönəldiblər. Bakı 2015 qarşısına qoyduğu məqsədlərə nail olsa, Azərbaycana və Avropaya gəlir və nüfuz gətirəcək. Biz hazırda Avropanı idman bayramında bir arada birləşdirəcək yarışlar keçirmək əzmindəyik.
Dəqiq olaraq onu deyə bilərəm ki, Avropa Oyunları vasitəsilə gəlir axtarışında olmaq heç zaman prioritet məqsəd olmayıb. Avropa Oyunları AOK tərəfindən avropalı idmançıların Olimpiya Oyunları kimi əsas idman yarışlarında öz bacarıqlarını inkişaf etdirmələri məqsədilə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB