BMT-nin Baş Asambleyasında Bakı 2015 Avropa Oyunlarının təqdimatı keçirilib
Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-nin Baş Assambleyasında "İnkişaf və sülh naminə idman" mövzusunda çıxış edib. SİA-nın məlumatıına görə, nazir, həmçinin qonaqlarla birlikdə nahar edib, 2015-ci ilin iyun ayında Bakıda keçiriləcək Avropa Oyunları haqqında əsas faktlardan danışıb.
A. Rəhimov nümayəndələrlə söhbətində Azərbaycanın dünyada idman dövləti kimi tanınmağa başladığını deyib: "Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə mühüm təcrübə qazanıb. 17 gün ərzində davam edəcək Avropa Oyunlarında Avropadan 6000-dən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaqlar.
Avropa Oyunlarına hazırlaşmaq üçün 2 ildən bir az çox vaxtımızın olmasına baxmayaraq, ölkəmiz bu İlk Oyunları ən yüksək səviyyədə keçirmək əzmindədir".
Nazir Bakı-2015 birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərdən danışıb, Oyunların keçirilməsi üçün tikilən yeni idman obyektləri barədə məlumat verib.
Orta yaşı 30.1 olmaqla ölkə əhalisinin böyük hissəsini gənclərin təşkil etdiyini deyən nazir, əhalinin 40%-nin 24 yaş altında olduğunu diqqətə çatdırıb: "Bu cür statistik göstərici ilə biz xalqımızı gözəl idman infrastrukrutları ilə təmin etməyi öhdəliyimiz və məqsədimiz olaraq hiss edirik. Faktiki olaraq, təkcə son 10 il ərzində bütün ölkə ərazisində 50-dən çox dünya standartlarına cavab verən idman obyekti inşa etmişik. Bu idman infrastrukturu əhalimizin idman obyektlərindən istifadəsini təmin edir və fərdlər üçün tamamilə ödənişsizdir.’’
A. Rəhimov, həmçinin Birləşmiş Millətlər Təşkilatının 69-cu Baş Assambleyasının prezidenti Sam Kutesa ilə görüş keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB