Hər idman növünün öz azarkeş kütləsi var. Ancaq hər kəsə məlumdur ki, idman növləri arasında futbola olan maraq daha çoxdur. Futbol azarkeşləri bütün dünyada öz çılğınlıqları ilə fərqlənirlər. Əslində azarkeş kütləsinin həcmi ölkə futbolunun inkişafı və nə dərəcədə sevilməsini bildirir.
Ancaq dünyada elə fanat kütlələri var ki, azarkeşlik etdikləri komandalara görə dava zamanı yaralananlar, hətta dünyasını dəyişənlər də olur. Davalarda böyük vəsaitlər hesabına inşa olunmuş stadionlara ciddi ziyan dəyir, bir çox şəhərlərdə iki kütlə arasında qarşıdurma yaşanır və s.
Əzəli rəqiblərin fanklubları və digər azarkeş kütlələri meydanda rəqib, həyatda dost olduqlarını bildirsələr də, matçlardan sonra yaşanan qarşıdurmalar hər kəsə bəllidir.
Çılğın azarkeş kütlələri ölkəmizdə də mövcuddur. Məsələn "Neftçi" və "Xəzər Lənkəran" klubunun azarkeşləri xüsusilə seçilirlər.
Ancaq bütün dünyada olduğu kimi, Azərbaycanda da futbol azarkeşlərinin 95 faizi kişilərdir. Kişilərin bu qədər maraqla izlədiyi, buna görə bir çox hallarda dava etdikləri futbolla xanımların əksəriyyətinin niyə maraqlanmadığı maraqlı məqamdır.
Sözügedən mövzu ilə bağlı xanımlar arasında sorğu keçirmək qərarına gəldik:
Səadət Qurbanova - Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri

- Əslində mən futbolu sevirəm. "Neftçi" komandasına azarkeşlik edirəm. Türkiyədən isə "Qalatasaray"ın fanatıyam. Bir zamanlar ən çox oyununu bəyəndiyim futbolçu Zidan idi.
Təəssüf ki, stadiondan futbol izləməmişəm. Açığını deyim ki, stadiona azarkeşlər çox söyüş söydüklərinə görə getməmişəm. İdarəmizdə əməkdaşlarımız hər dəfə stadiona gedəndə mən də getmək istəsəm də, bu hallar qarşımı kəsir.
Məncə, xanımların futbolla maraqlanmaması onların genetikası ilə bağlıdır. Cəmiyyət içərisində olan xanımların əksəriyyəti futbola baxır. Evdar qadınlar isə futbolla maraqlanmır. Çünki onlar futbolu əhəmiyyətsiz sayır, ona sırf kişi oyunu kimi baxırlar. Əgər stadiona gedib, orada futbol həyəcanı yaşasalar, qızların da futbolu sevəcəyinə inanıram.
Ülkər Qasımova - APA TV-nin baş prodüseri

- Əvvəllər, kiçik yaşlarımda atam futbol oyunlarını izləyəndə anamın narazılığını tam olaraq dərk etmirdim. Sonralar anladım ki, qadınlar bu futbol deyilən nədisə, sən demə onu qısqanırmış. Düşünürəm ki, bu aqressiyanın səbəbi də qısqanclıqdan qaynaqlanır. Son bir neçə ildir qadınlar futbolla yanaşı, "Kurtlar Vadisi" teleserialına da nifrət edir. Xüsusən, Polad Ələmdara!
Çinarə Nurməmmədova - Muz TV-nin redaktoru

- Qadınlar hər zaman diqqətin onların üzərində olmasını istəyirlər və bəlkə də yeganə şey futboldur ki, bu zaman kişilərin diqqətindən kənar qalmağa məcbur olurlar. Komandası məğlub olduqdan sonra əksər kişilərin əhvalı korlanır və evdə problem yaranır. Qadınlar isə münasibətlərində problem yaradacaq hər şeyə nifrət edirlər. Bundan başqa, futbol qadınlara sıxıcı gəlir və əgər maraqlı gəlsə belə, bunun üçün sadəcə qol anına baxmağın kifayət etdiyini düşünürlər. Bir də qeyd edim ki, qadınlar zərif idman növlərini sevirlər. Məsələn, fiqurlu konkisürmə, tennis və s. Hansısa qadının boksa həvəslə baxdığını təsəvvür edə bilmirəm. Belə idman növlərinə maraq bir az da kişilərin dalaşqan ruhundan irəli gəlir. Futbolda da bir-birini itələmə, əsəbi davranışlar və sonda qadının qarşısında ağlamağı özünə zəiflik hesab edən kişilərin məğlubiyyətdən doğan göz yaşları var.
Mahruz Şirinova - Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Kadrlar şöbəsinin məsləhətçisi
.jpg)
- Futbolu çox sevirəm. Azərbaycanda keçirilən 17 yaşlı qızlar arasında dünya çempionatının oyunlarına da stadiondan canlı baxmışam.
Azərbaycan millisinin azarkeşiyəm. İspaniya klublarının oyunlarından da xoşum gəlir.
Məlahət Nuruyeva - "Səs" İnformasiya Agentliyinin ingilis dili tərcüməçisi

- Bir çox xanımlardan fərqli olaraq, mən futbolu xoşlayıram. Hətta azarkeşi olduğum, oyunlarını izlədiyim komanda və futbolçu da var. Məsələn, "Barselona" və Messi. Fikrimcə, qadınların futbolu sevməməsinin səbəbi, əks cinsin diqqətinin bütünlüklə tək onlara deyil, həm də futbola bölünməsidir. Yəni, dolayısıyla qısqanclıq.
Nərmin Kərim - Panoram.az saytının reportyoru
.jpg)
- Mən futbolu xoşlayıram. Amma bəzi xanımlardan eşidirəm ki, futbolda bir məntiq görə bilmədiklərini düşünürlər. "O qədər adam niyə bir topun arxası ilə qaçır?" deyə düşünürlər. Fikrimcə, xanımların futbolu sevməməsinin başqa səbəbi var. Heç futbolu xanımlara sevdirəcək səbəb də yoxdur. Stadionlar məlum məsələdir... Ora getmək və imkanı olan sektora bilet alıb futbolu izləmək xanımlar üçün çətindir. Bir də bütün komandalar yaxşı nəticə göstərmir ki, xanımlar da izləsin. Ölkə futbolu nəinki xanımlara, heç bir çox kişilərə maraqlı deyil. Amma son zamanlar Avrokubok oyunlarını izləyən xanımların sayı artıb. Bu, böyük irəliləyişdir. Xanımlar sevimli komandalarını ürəkdən dəstəkləyirlər.
Gülşanə Mustafayeva - Hafta.az saytının ("Həftə içi" qəzetinin saytı) əməkdaşı

- Futbolu heç bilmirəm. Cəmi bir dəfə stadiondan "Qarabağ"ın "Ayntraxt"la oyununu canlı izləmişəm. Hər dəfə top qapıya yaxınlaşanda həyəcanlanırdım.
Gərək futbola əvvəldən maraq göstərəsən. Mənim kimi əvvəldən maraqlanmayanda, hansısa komandaya azarkeşlik etmək olmur.
Könül Kamilqızı - APA-nın müxbiri

- Fikrimcə, futbolu daha çox oğlanlar oynadığından qızlar tərəfindən elə də sevilmir. Mən də futbolu maraqlı oyun kimi qəbul etmirəm. Çünki 90 dəqiqə ərzində hər komandada 11 nəfər olmaqla 22 nəfər bir topu tutaraq, qarşı komandanın qapısından keçirmək uğrunda mübarizə aparır. Bu da mənim üçün maraqsızdır. Amma deyə bilmərəm ki, heç zaman futbola baxmamışam və ya baxmaram. Azərbaycan milli komandasının, "Qarabağ", "Neftçi" klublarının oyunlarını həmişə, xarici ölkələrdən isə güclü hesab olunan bəzi komandaların oyunlarını imkan daxilində izləyirəm.
Təranə Xudabaxşiyeva - İdman jurnalisti, taekvondo üzrə milli hakim
.jpg)
- Qızlar daha çox romantika sevirlər. Futbolda 90 dəqiqə ərzində heç bir faciə, ayrılma və s. bu kimi hadisələr olmadığından, futbol onlara maraqsız gəlir. Xanımlar futbolda sevgi tapmadıqları üçün ona baxmırlar. Sevmədiyi halda futbolu izləyən qızlar isə xəyalpərəstlərdir. Belələri oyuna məhz ağ atlı oğlanını hansısa futbolçuya bənzətdikləri üçün baxırlar. İdman və ekstrimi sevdiyi üçün futbola baxan qadın çox azdır.
Mən futbolu sevirəm, amma ondan da daha çox öz idmanımı - taekvondonu sevirəm. Çox bacarmasam da, futbol oynamağı da sevirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB