Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Serbiya Futbol İttifaqı və Albaniya Futbol Assosiasiyasına qarşı Avropa-2016 çempionatının seçmə turnirinin Belqradda bu ölkələrin yığma komandaları arasında pozulmuş oyununa görə inzibati iş açıb. Bunu xarici ölkə KİV-lərinə istinadla xəbər veririk.
Bu məsələ ilə bağlı qərarın oktyabrın 23-də çıxarılacağı gözlənilir.
Serbiya-Albaniya oyununun 43-cü dəqiqəsində meydançada "Böyük Albaniya" bayrağı bərkidilmiş kiçik uçan aparat görünüb. Yerli komandanın müdafiəçisi Stefan Mitroviç tullanaraq bayrağı çəkib yerə salandan sonra əvvəlcə komandaların oyunçuları, daha sonra komandaların digər təmsilçiləri arasında dava-dalaş başlayıb.
Oyunun baş arbitri ingilis Martin Atkinson oyunu dayandırmağı və oyunçuları tribunanın altındakı otaqlara aparmağı qərara alıb, daha sonra isə oyunu tamamilə ləğv edib. Oyunun dayandırıldığı vaxtadək hesab açılmayıb. Oyunun nə vaxt oynanıb başa çatdırılacağı ilə bağlı hələlik heç bir məlumat verilmir.
Hər iki tərəf baş verənlərlə əlaqədar oktyabrın 22-dək izahat verməlidir. Ertəsi gün UEFA bu iş üzrə qərarını bildirəcək.
Sonradan KİV-lər məlumat yayıblar ki, uçan aparatı Albaniya Baş nazirinin qardaşı Olsi Rama idarə edib. Guya onu bu hadisə ilə əlaqədar saxlayıblar, lakin tezliklə buraxıblar.
Olsi Rama oyunun pozulmasında əli olduğunu inkar edib. Fransanın RMC radiosu Olsi Ramanın sözlərini sitat gətirərək xəbər verir: "Uçan aparatın mənə heç bir aidiyyəti yoxdur. Başa düşmürəm, bu məsələ haradan çıxıb ortaya. Məni nə həbs ediblər, nə də sorğu-suala çəkiblər - bu, jurnalistlərin uydurmasıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB