Vüqar Bayramov: "I Avropa Oyunlarının təşkili strateji addımdır"

Vüqar Bayramov: "I Avropa Oyunlarının təşkili strateji addımdır"

"İlk dəfə olaraq Azərbaycanda keçiriləcək Avropa Oyunlarının ölkəmiz üçün çox böyük əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Oyunlar zamanı ölkəyə çoxlu sayda turistlər gələcək ki, bu da Azərbaycanın dünyada tanıdılması, təbliği və iqtisadiyyatı üçün önəmlidir: "Qiymətləndirmələrə görə, ölkəyə gələn hər turist orta hesabla 800 dollar pul xərcləyir. Bu isə o deməkdir ki, turistlər ölkəyə vəsait gətirir. Turistlərin xidmət və digər sahələrdən istifadəsi ölkə iqtisadiyyatına investisiya yönəltməsi formasında olacaq.

Avropa Oyunları birmənalı şəkildə ölkənin tanıdılmasına imkan yaradır ki, bu da Azərbaycan turizminin inkişafı baxımından önəmlidir. Bu Oyunlar yarışlardan sonra da turist axınının davam etməsinə imkan yaradacaq. Bu baxımdan I Avropa Oyunlarının təşkili strateji addımdır. Avropa Oyunları gələcəkdə ölkəmizin inkişafını stimullaşdıran əsas faktorlardan biri kimi qiymətləndirilməlidir".

Ekspert bildirib ki, bütövlükdə iqtisadi gəlirləri qiymətləndirən zaman, yalnız Avropa Oyunları keçirilən dövrdə deyil, həm də Oyunlar başa çatdıqdan sonrakı dövrdə ölkəmizin gəlirlərini qiymətləndirmək lazımdır: "Bu Oyunların təşkili üçün inşa olunan idman qurğularından yarışlardan sonra da istifadə olunacaq. Bunlar hamısı Azərbaycana qalacaq. Sonralar da bu idman arenalarında müxtəlif beynəlxalq yarışlar, proqramlar təşkil etmək mümkün olacaq. Bu zaman yeni xərclərə ehtiyac olmadan yeni gəlirlər əldə ediləcək. Ona görə də, inşa olunan yeni idman qurğularına xərclənən vəsait təkcə Avropa Oyunlarına xərclənən vəsait kimi qiymətləndirilməməlidir. Bu baxımdan, I Avropa Oyunları strateji olaraq Azərbaycan üçün həm Oyunlar zamanı, həm də yarışlardan sonrakı dövrlərdə gəlirlərin təşkil edilməsi və artırılmasına imkan yaradan layihədir".

V. Bayramov deyib ki, inşa və təmir olunan idman qurğularının tikintisi zamanı çoxlu sayda Azərbaycan vətəndaşları işlə təmin olunur və bu, məşğulluğa müsbət təsir göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə