Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb olunması davam edir

Bakı 2015 Avropa oyunlarına könüllülərin cəlb olunması davam edir

Bu gün Bakı 2015 Avropa Oyunlarına hazırlıq çərçivəsində tədbir keçirilib. SİA-nın məlumatına görə, keçirilən tədbirdə Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və Azerfon şirkətinin baş direktoru Kent Maknili iştirak edib.

Tədbirdə çıxış edən Kent Maknili Bakı 2015 layihəsinə könüllülərin cəlb edilməsinin vacibliyini vurğulayıb. O,140-a yaxın təşviqat məntəqələri vasitəsilə bu işin uğurla aparılacağına inandığını qeyd edib: "İyul ayından etibarən Avropa Oyunlarına rəsmi sponsorluq edirik. Sponsorluq çərçivəsində biz könüllüləri şirkətimiz tərəfindən dəstəkləyirik. Biz bilirik ki, tədbirin yaxşı keçirilməsində əsas məsələ könüllülərin cəlb edilməsidir. Belə tədbirlərin keçirilməsində əsas rolu könüllülər oynayır. Çünki, onlar yarışlarda enerjilərini, güclərini ortaya qoyur. Könüllülərin cəlb edilməsi məsələsində ilk addımımız 140-a yaxın məntəqədə təşviqat kampaniyasını həyata keçirməkdir. Könüllülərə 10 mindən artıq sim kartlar, 300 dəqiqə və 300 mb bonuslar veriləcək. Bundan başqa, 5 qısametrajlı film də hazırlanacaq. "Facebook" və "Twitter" vasitəsilə kampaniyaya dəstək veriləcək".

Daha sonra Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymond Kleq çıxış edib. O, könüllülərin Avropa Oyunlarındakı rolundan danışaraq, məsuliyyətli işin öhdəsindən gələcəklərinə inandığını ifadə edib: "Qarşımızda 12 minə yaxın könüllünü hazırlamaq məqsədi qoyulub. Belə tədbirlərin həyata keçirilməsində könüllülər mühüm komponentdir. Onlar Avropa Oyunlarının ictimai imici olaraq, mühüm şəxslərlə əlaqələr quracaqlar".

Tədbirin sonunda hər iki qurum rəhbəri jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, könüllülərin seçimində qoyulan əsas kriterlərə dil biliyi və iştirak etmək istəyinin yüksək olması qoyulub. Yaş məsələsi isə kriterlərə cəlb edilməyib. Könüllülərin seçim prosesinin gələn ilin əvvəlinə kimi davam etdirilməsi gözlənilir. Buna səbəb, 12 min könüllü seçiminin yekunlaşdırılmasıdır. Avropa Oyunlarının rəsmi səfirləri isə hələ elan olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə