Futzal üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıblar

Futzal üzrə muxtar respublika birinciliyinin qalibləri mükafatlandırılıblar

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində Yeni Azərbaycan Partiyasının gənc üzvləri arasında futzal üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin və Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkil etdikləri turnirdə 8 komanda qüvvəsini sınayıb.

Olimpiya sistemi üzrə keçirilən birincilikdə Şərur, Sədərək, Ordubad, Culfa, Kəngərli, Şahbuz, Babək və Naxçıvan komandaları mübarizə aparıblar. Gərgin idman şəraitində keçən turnirdə Culfa və Naxçıvan futzalçıları finala vəsiqə qazanıblar.

Birinciliyin reqlamentinə əsasən, üçüncülük uğrunda oyun keçirilməyib və yarımfinala kimi yüksələn, lakin həlledici görüşə vəsiqə qazanmaq üçün meydana çıxaraq məğlub olan Sədərək və Ordubad komandaları birinciliyi üçüncü pillədə başa vurublar. Final görüşü isə gözlənildiyindən də gərgin keçib. Culfa rayonu və Naxçıvan şəhəri komandalarının matçında azarkeşlər yalnız bir qolun şahidi olublar. İlk hissədə naxçıvanlı futzalçıların yeganə qolu oyunun taleyini onların xeyrinə həll edib.

Sonda qalib komandalara diplom, kubok və hədiyyələr təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə