Boris Gelfand: "Məğlub olmaq istəmirdim, lakin xilas olmaq alınmadı"

Boris Gelfand: "Məğlub olmaq istəmirdim, lakin xilas olmaq alınmadı"

Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 9-cu turunda Şəhriyar Məmmədyarov İsrail təmsilçisi Boris Gelfand üzərində qələbə qazanıb. SİA-nın məlumatına görə, Sumqayıt şahmat məktəbinin yetirməsi qələbədən sonra jurnalistlərin suallarına cavab verib.

O bildirib ki, istirahət günü Boris Gelfandla oyuna hazırlaşarkən hələ heç nə itirilmədiyini düşünüb: "Başa düşürəm ki, bir qələbə vəziyyətimi düzəltməyəcək. Oyundan əvvəl çinli biznesmen Cek Manın müsahibəsini oxumuşdum. Orada deyilir ki, hər gün yenidən başlayır. Hər günə yenidən hazırlaşmaq lazımdır. 2, lap 3 məğlubiyyətim olsa belə, hər zaman mübarizə aparıram. Sona qədər mübarizə aparıram. Dünən gecə kompüterdə nərd oynayırdım. Uduzandan sonra fikirləşdim ki, şahmat nərddən daha yaxşı oyundur. Şahmatda daha yaxşı oynaya bilirəm. Sözsüz ki, qarşıda bütün şahmatçıları həm qələbə, həm məğlubiyyətlər gözləyir. Əgər 60-70 yaşa qədər oynayacayıqsa, deməli məğlubiyyətlər də olacaq. Autsayder olan Andreykin lider Karuanaya qalib gəldi. Turnirdə zəif rəqib yoxdur. Bu, idmandır və hər bir nəticəyə hazır olmalıyıq. Oyuna gəldikdə, "ağlar" daha yaxşı başladı. Üstünlüyümün olduğunu görürdüm. Müxtəlif gedişlər var idi. Konkret oynamaq lazım idi. Bu qələbə növbəti oyunlara daha yaxşı hazırlaşmağa kömək edəcək. Maraqlıdır ki, Mixail Talın xatirə turnirində mən lider idim və turnirin qalibi olmağım üçün heç-heçə lazım idi. Həmin vaxt autsayder olan Gelfandla oynadım və uduzdum. Statistikaya əsasən, Gelfand mənim üçün uğursuz rəqib sayılır. Bu qələbə ilə iddiaçılar turnirindəki məğlubiyyətin əvəzini çıxdım. Kazanda keçirilən iddiaçılar turnirində ilk mərhələdə məhz Gelfanda uduzub yarışı tərk etdim. Fikrimcə, məğlub olmaq problem deyil. Problem həmin məğlubiyyətdən sonra qələbəyə oynamamaqdır. Mən hər bir vəziyyətdə qələbəyə oynamağa çalışıram".

Boris Gelfand isə rəqibin oyuna yaxşı hazırlaşdığını deyib: "Ş. Məmmədyarov yaxşı hazırlaşmışdı. "Ağlar" yaxşı başladı və üstünlük qazandılar. Bəzi gedişləri tapa bilmədim və nəticə yaxşı olmadı. Etibarlı debütlə başlamışdım. Sadəcə sığortalana bilmədim. Məğlub olmaq istəmirdim, lakin xilas olmaq alınmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə