Boks üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

Boks üzrə Azərbaycan kubokunun qalibləri müəyyənləşib

"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilən boks üzrə Azərbaycan kuboku yarışlarına oktyabrın 10-da yekun vurulub. Yarışın son günündə bir çox favoritlər ümidləri doğrulda bilməyiblər. Yarışda 49 kiloqram çəki dərəcəsində Avropa çempionu Salman Əlizadə ötən il Azərbaycan çempionatında məğlub etdiyi Araz İmaməliyevə uduzub. Altmış kiloqram çəki dərəcəsində böyük maraqla gözlənilən Albert Səlimov – Elvin İsayev görüşündən daha təcrübəli olan birinci qalib ayrılıb.
Turnirdə 64 kiloqram çəki dərəcəsində son Azərbaycan çempionu Lorenso Sotomayor ilə Heybətulla Hacəliyevin də döyüşü gərgin keçib. Hakimlər qələbəni Kuba əsilli boksçuya veriblər.
Nikolay Veselov (75 kq) ilk dəfə iştirak etdiyi ölkəmiqyaslı yarışda birinci yeri tutub. "Baku Fires" klubunun üzvü həlledici döyüşdə Kamran Şahsuvarlıdan üstün olub.
Abdulqadir Abdullayev (91 kq) bir neçə dəfə uduzduğu Teymur Məmmədovdan bu dəfə revanş ala bilib. Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu T.Məmmədov 3-cü raundda texniki nokautla uduzub.
Yarışda Elnur Şəfiyev (52 kq), Tural Əhmədov (56 kq), Pərviz Bağırov (69 kq), Jaba Xositaşvili (81 kq) və Arslanbek Mahmudov (91 kq-dan yuxarı) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qeyri rəsmi komanda hesabında "Baku Fires" klubu birinci nəticə göstərib. Bu klubun 5 boksçusu Azərbaycan kubokunda qızıl mükafatların sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə