Teymur Rəcəbov: "Qələbə qazanmaq hər zaman xoşdur" MÜSAHİBƏ

Teymur Rəcəbov: "Qələbə qazanmaq hər zaman xoşdur" MÜSAHİBƏ

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda keçirilən şahmat üzrə Qran-Pri turnirinin 6-cı turunda Aleksandr Qrişuka qalib gəlib. SİA-nın məlumatına görə, qələbədən sonra T. Rəcəbov təəssüratlarını jurnalistlərlə bölüşüb:

- İlk olaraq partiya haqda fikirlərini söyləyərdiniz...
- Oyuna qara fiqurlarla yaxşı başladım. Debüt "qədim hind" müdafiəsi ilə oldu. Təhlükəli gedişlər etdim. Rəqib imkan verdikcə, hücum davam etdi və fiqurların dəyişilməsi də üstünlüyü azaltmadı. "Ağlar" üçün çətin pozisiya alınmışdı. E8-dən sonra qələbə şansları artdı. Maraqlı partiya idi. Çox sevinirəm ki, qələbə qazandım. Qələbə qazanmaq hər zaman xoşdur. Sözsüz ki, turnirdə hər bir oyuna xüsusi hazırlaşırdım. 6-cı turda qələbə qazandım. Turniri yaxşı nəticə ilə başa vurmağa çalışacağam.

- Sizin məşqçiniz Vladimir Çuçelov söylədi ki, partiyanın gedişində onu həyəcanlandırdınız...
- F7, f5 gedişini deyirsiniz. Əslində, bu məntiqli gediş oldu. Çünki, oyunun gedişində rəqib buna imkan verdi. Bu gedişlə şah olan cinaha hücum etmək mümkün oldu. Getdikcə fəallığı artırdım və nəhayət f5 gedişi oldu.

- Qran-Pridə ilk qələbəni qazandınız. Bu nəticə növbəti qarşılaşmalarda daha yaxşı oynamağa imkan verəcək...
- İlk qələbə yaxşıdır. Hər zaman daha yaxşı oynamağa çalışıram. Turnirdə növbəti oyun haqda düşünürəm və çalışıram yaxşı nəticə qazanım. Sabah başqa rəqib olacaq və mən hər şeyə yenidən başlayacağam. Qran-Pridə zəif rəqib yoxdur. Hər bir rəqib yaxşı oynamağa çalışır. Burada rəqabət çox güclüdür.

- Bu qələbədən sonra siz 3-5-ci yerləri bölüşürsünüz...
- Hər tur cədvəldə dəyişiklik ola bilər. Mən son nəticə haqda indi danışmaq istəməzdim. Qarşıda bizi 5 tur gözləyir. Bu, kifayət qədər oyun edir. Biz turnirin ekvator xəttinə yaxınlaşmışıq.

- Hər halda əsas nəticə iddiaçılar turnirinə vəsiqə qazanmaqdır. Qrişukla qarşılaşmadan sonra daha yaxşı əhval-ruhiyyədə oynamaq olar...
- Fabiano Karuana yaxşı oyunla reytinqini artırdı. Onun yüksək reytinqi iddiaçılar turnirinə yolunu asanlaşdırır. Yəni, reytinqə görə turnirə vəsiqə qazana bilər. Digər şahmatçılar Qran-Pridəki iki vəsiqə uğrunda yarışır. Bakıdan əlavə, turnirin digər ölkələrdə keçiriləcək 3 mərhələsi olacaq. Ümumilikdə 4 mərhələdə yarışmalıyıq. Ona görə indidən yekun barədə danışmaq düzgün deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə