"Hazırda ölkəmizdə gənclər əhalinin təxminən 30 faizini təşkil edir. Onların inkişafı, xüsusilə regionlarda yaşayan gənclərin məlumatlandırılması və sosial xidmətlərin göstərilməsi məqsədilə Sizin tapşırığınız əsasında ölkədə "Gənclər evləri" şəbəkəsi yaradılır". SİA-nın məlumatına görə, bunu Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, 2014-cü ildə nazirliyin sifarişi ilə 4 gənclər mərkəzi yaradılıb: "Naxçıvan, Xəzər, Suraxanı və Sabunçu gənclər evi də daxil olmaqla, qısa müddət ərzində ölkədə artıq 31, ilin sonunadək daha ən azı 3, 2015-ci ilin sonunadək isə təkcə "Dövlət Proqramı" çərçivəsində 7 belə müəssisə inşa ediləcək. İntellektual və yaradıcı gənclərin inkişafı üçün stimulların yaradılması vacib prioritetlərdəndir. Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq yüksək nailiyyətlər əldə etmiş 6 nəfər gənc hər biri 10 min manat olmaqla "Gənclər üçün Prezident Mükafatı" ilə təltif edilib. Bu ilin may ayında "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" adlı Gənc Alimlərin Beynəlxalq Bakı Forumu keçirilib. Dünyanın 96 ölkəsindən 400-dək iştirakçı elmin müxtəlif sahələri üzrə müzakirələrə qatılıb.
Hesabat dövründə respublikanın bütün rayon və şəhərlərindən seçilmiş 1900 nəfər nümayəndənin iştirakı ilə Azərbaycan Gənclərinin VII Forumu keçirilib. Ali toplantı tərəfindən Sizin rəhbərliyiniz altında aparılan işlər yüksək dəyərləndirilib və növbəti dövr üçün vəzifələr müəyyənləşdirib".
A.Rəhimov qeyd edib ki, son on il ərzində ölkədə gənclərin qeyri-hökumət təşkilatlarının sayı 6 dəfəyədək artaraq 51-dən 300-ə çatıb: "Onlara dövlət tərəfindən göstərilən dəstəyin həcmi bu müddətdə dəfələrlə artıb. Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı 2014-cü ildə təkcə nazirlik tərəfindən keçirilən müsabiqədə ümumi məbləği 2 milyon manatdan artıq olan və 115 min avro olan 110 layihə dəstəklənib. Qeyri-hökumət təşkilatları ilə iş sahəsində yeni elektron xidmətlər yaradılıb, xüsusi saytda tam məlumat bazası yerləşdirilib.
Sizin şəxsi təşəbbüsünüzlə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu uğurlu fəaliyyət göstərərək, hesabat dövrü ərzində 827 layihəni dəstəkləyib, bunlardan 13-ü beynəlxalq layihə olub. Ümumilikdə isə Gənclər Fondu tərəfindən 2012-ci ildən başlayaraq 1457 layihə dəstəklənib. Fond ölkənin hər bir şəhər və rayonunda gənclərin müxtəlif sahələrə olan maraqlarını əks etdirən layihələrin həyata keçirilməsinə nail olub.
2014-cü ildə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə 21 ölkədə "Mən Azərbaycan haqqında nə bilirəm?" mövzusunda esse müsabiqələri keçirilib, 174 qalibin ölkəmizə səfəri təmin edilib. Bütövlükdə isə 2011-2014-cü illərdə bu müsabiqə 47 ölkədə keçirilmiş, 3 minədək esse təqdim edilib, 437 nəfər müsabiqə qalibi Azərbaycana səfər edib. 2014-cü ilin yay aylarında Bakı və rayonlarda 1700 nəfərin iştirakı ilə "Azərbaycan doğma diyarımdır" adlı vətənpərvərlik yay-istirahət düşərgələri təşkil edilib".
Hesabat dövründə ölkəmizdə 120 respublika, 32 beynəlxalq səviyyəli yarış keçirilmiş, 130 beynəlxalq yarışda ölkə yığma komandalarının iştirakı təmin olunmuş, dünya, Avropa çempionatı və birinciliklərində, kubok yarışlarında 108 qızıl, 162 gümüş, 283 bürünc olmaqla ümumilikdə 553 medal qazanılmışdır. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 72 medal çoxdur.
Gənclər və idman naziri diqqətə çatdırıb ki, 2014-cü il iyulun 14-28 tarixlərində Çin Xalq Respublikasının Nanjinq şəhərində keçirilmiş Yeniyetmələrin II Olimpiya Oyunlarında idmançılarımız 5 qızıl, 6 gümüş və 1 bürünc medalla 204 ölkə arasında 10-cu yeri tutaraq tarixi qələbəyə imza atıblar: "Bu nəticə ilə komandamız Avropa ölkələri arasında 6-cı, MDB ölkələri arasında 3-cü, İslam ölkələri arasında isə 1-ci yerdə olub.
Ötən dövr ərzində Avropa Oyunlarına hazırlıq işləri davam etdirilib. Avropa Olimpiya Komitəsi tərəfindən Avropa Oyunlarına hazırlıq işlərinə nəzarət məqsədi ilə təsis edilmiş Koordinasiya Komissiyasının Bakı şəhərində 2 iclası keçirilib, təqdim olunan hesabatlarda yüksək səviyyədə hazırlıq qeyd edilib. Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın iştirakı ilə Avropanın bir sıra böyük şəhərlərində və paytaxtlarında Avropa Oyunlarının təqdimatları uğurla keçirilib.
Hazırda "Bakı-2015" Avropa Oyunları üzrə Əməliyyat Komitəsində 940 nəfər çalışır ki, onların 63 faizini yerli mütəxəssislər və gənclərimiz təşkil edir. Əməliyyat Komitəsi tərəfindən təsis edilmiş Məzunlar Akademiyasını bitirmiş 200 gənc Əməliyyat Komitəsində işlə təmin ediliblər. Ümumilikdə Komitədə dünyanın 39 ölkəsindən mütəxəssislər çalışırlar. Aparılan danışıqlar nəticəsində Avropanın 19, o cümlədən Fransa, İtaliya, Almaniya, Türkiyə və Avstriya, Avropadan kənarda isə 47 ölkədə Oyunların yayımlanmasına dair razılıq əldə edilib. Bu iş davam etdirilir, ölkələrin sayı daha da artacaq.
Bu il noyabrın 20-22-də Bakı şəhərində Avropa Olimpiya Komitəsinin növbəti Baş Assambleyası keçiriləcək, bu Assambleyada növbəti Avropa Oyunlarını qəbul edən şəhərin adı elan ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB