Sentyabrın 29-da İlham Əliyev adına Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə Avropa və dünya çempionatlarının qalibi, həmyerlimiz Hacı Əliyevin mükafatlandırılması mərasimi keçirilib. Mərasimdə əvvəlcə idmançının Avropa və dünya çempionatlarında iştirak etdiyi yarışlardan videokadrlar nümayiş etdirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının sədri Azər Zeynalov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün ölkəmizdə, eləcə də muxtar respublikada uğurla davam etdirildiyini bildirib.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikasında idmana göstərilən yüksək diqqət və qayğı, bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsi müsbət nəticələrin əldə olunmasına şərait yaradıb. Məhz görülən işlərin nəticəsidir ki, indi muxtar respublikanın idmançıları müxtəlif səviyyəli idman yarışlarına qatılır, ölkəmizi beynəlxalq səviyyədə layiqincə təmsil edirlər. Gənc idmançı, sərbəst güləş üzrə Avropa və dünya çempionu Hacı Əliyevin simasında biz bunu bir daha görürük.
Azər Zeynalov beynəlxalq yarışlarda qazandığı nailiyyətlərə görə idmançını təbrik edərək ona gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb.
Sonra qalib güləşçiyə qiymətli hədiyyə təqdim olunub.
Gənc idmançı Hacı Əliyev göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, bundan sonra da ölkəmizi layiqincə təmsil edəcəyini vurğulayıb.
Mükafatlandırma mərasimindən sonra "Təbriz" otelində mətbuat konfransı keçirilib. Kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandıran Hacı Əliyev 2014-cü ilin onun üçün uğurlu olduğunu, məhz bu ildə həm Avropa, həm də dünya çempionu olmağından böyük sevinc hissi keçirdiyini bildirib. Ölkəmizi dünyada layiqincə təmsil etməkdən qürur duyan idmançı bundan sonra da Vətənimizin idman şərəfini fəxrlə qorumağa çalışacağını vurğulayıb.
Hacı Əliyev 1991-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub. Naxçıvan güləş məktəbinin yetirməsi olan Hacı Əliyev Azərbaycan güləş tarixində ilk imza atanlardan biridir. O, bir il ərzində sərbəst güləş idman növü üzrə 61 kiloqram çəki dərəcəsində həm Avropa, həm də dünya çempionu adını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB