Sentyabrın 27-də futbol üzrə Topaz Premyer Liqasının yeddinci turunun mərkəzi görüşündə Bakıdakı İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda "Neftçi" komandası Ağdamın "Qarabağ" kollektivini qəbul edib. Baş hakim Orxan Məmmədovun idarə etdiyi görüş qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Riçard Almeyda (penaltidən), Muarem Muarem və Vüqar Nadirov fərqlənib. Bakılıların yeganə qolunu Ernest Nfor vurub.
Paytaxt təmsilçisinin baş məşqçisi Arif Əsədov qeyd edib ki, "Qarabağ"ın bu oyuna yaxşı hazırlaşdığını bilirdik. Biz bu görüşə fərqli taktika ilə çıxmışdıq. İlk hissədə üstünlük bizim tərəfimizdə idi. Amma oyunda verilən penalti hər şeyi dəyişdi. Qoldan sonra "Qarabağ" bizi əks-hücumlarda yaxaladı. Üç qoldan ikisində hakim səhvləri aşkar görünürdü. Çatışmazlıqlarımız var. Bunları aradan qaldırmalıyıq. Təəssüf ki, tam heyətlə hazırlığımızı davam etdirə bilməyəcəyik. Oyunun ədalətli nəticəsi heç-heçə olardı.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə deyib: Yaxşı oyun alındı. Azarkeşlər dörd qol izlədilər. Oyunun sonunadək intizamını qoruyan futbolçularımdan razı qaldım. "Neftçi"nin yaxşı oyunçuları çoxdur. Onlar imkanlardan istifadə edə bilirlər. "Neftçi" bu gün məğlub olsa da, yaxşı oyun göstərdi. Bizi qarşıda "İnter"lə çətin oyun gözləyir. İtaliya klubuna qarşı oyunda ən azından layiqli mübarizə aparacağıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB