İspaniyanın Ponferrada şəhərində şose velosipedi üzrə dünya çempionatı sona yaxınlaşmaq üzrədir. SİA-nın məlumatına görə, planetin ən güclülərinin mübarizə apardığı yarışda Azərbaycan müxtəlif yaş qrupları üzrə 6 velosipedçi ilə təmsil olunur.
Fərdi ötüşmələr başa çatdıqdan sonra velosipedçilərə bir günlük istirahət verilib və dünəndən etibarən qrup ötüşmələri start götürüb. Bakı vaxtı ilə saat 16:00-dan etibarən U-23 yaş kateqoriyasında çıxış edən idmançıların 182 km məsafəyə mübarizəsi başlayıb. Xatırladaq ki, Azərbaycan bu kateqoriyada 3 idmançı ilə təmsil olunurdu. Bunlar "Synergy Baku" kontinental komandasının da şərəfini qoruyan Tural İsgəndərov, Samir Cəbrayılov və Ənvər Asanovdur.
Mübarizə komandamız üçün yaxşı başlayıb. Belə ki, 18.2 km-lik ilk dövrənin yekununa əsasən, Tural İsgəndərov pelotondan 37 saniyə öndə olan 3 nəfərlik liderlər qrupunda yer alıb. Amma mübarizənin getdikcə qızışması dar yollarda tez-tez qəzaların baş verməsinə səbəb olub. Təəssüf ki, komandamızın üzvləri Tural İsgəndərovla Ənvər Asanov da bu qəzalardan qaça bilməyib və onların hər ikisi yarışı yarımçıq başa vurmalı olub. Belə ki, Samir Cəbrayılov təkbaşına mübarizə aparmaq məcburiyyətində qalıb və starta çıxan 162 velosipedçi arasında 90-cı yeri tutub - 4 saat, 44 dəqiqə, 27 saniyə.
Bu gün Elgün Əlizadə və Kənan Qəhrəmanlıdan ibarət gənclər yığmamız 127.4 km məsafəyə qrup ötüşməsində çıxış edəcək. Mübarizə Bakı vaxtı ilə saat 12:00-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB