AZAL Bakı 2015-in 6-cı rəsmi tərəfdaşı oldu

AZAL Bakı 2015-in 6-cı rəsmi tərəfdaşı oldu

Bu gün Bakı 2015 Avropa Oyunları ilə milli sərnişindaşıma şirkəti olan Azərbaycan Hava Yolları (AZAL) arasında rəsmi tərəfdaşlıq barədə müqavilə imzalanıb. SİA-nın məlumatına görə, imzalanma mərasimində gənclər və idman naziri, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Baş İcraçı Direktoru Azad Rəhimov, AZAL-ın vitse-prezidenti Sabir İlyasov, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq iştirak edib. Azad Rəhimov və Sabir İlyasov müqaviləni imzalayıblar.

Tədbirdə qeyd olunub ki, Bakı 2015 Avropa Oyunlarının maksimum 8 rəsmi tərəfdaşı ola bilər. Azərbaycan Hava Yolları tərəfdaşlıq haqqında müqavilə imzalanan hələ ki, 6-cı şirkətdir.

Bildirilib ki, sazişə əsasən, təyyarələrin monitorlarında Bakı 2015 Avropa Oyunlarının reklamları nümayiş olunacaq və sərnişinlərə bu barədə jurnallar paylanacaq. Hava limanında da oyunlar barədə reklamlar yerləşdiriləcək.

Mərsimdə o da qeyd olunub ki, çoxlu sayda idmançı və nümayəndə heyətlərinin ölkəmizə gəlişi asanlaşacaq. Gələn qonaqların ilk olaraq hava limanını gördüyü və gedəndə son olaraq buradan keçdiyi üçün aeroportda yaranan təəssüratın önəmliliyi vurğulanıb.

Bildirilib ki, Bakı 2015 Avropa Oyunlarının keçiriləcəyi ərəfədə Avropaya təyyarə reyslərinin sayı artırılacaq.

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə