APB-də son mərhələ

AİBA Pro Boxing (APB) yarışında iştirak edəcək bütün boksçular hazırda Qazaxıstanın paytaxtı Astanada seminardadırlar. SİA-nın məlumatına görə, Boks Akademiyasında keçirilən tədbirdə idmançılara AİBA-nın yeni layihəsi haqda ətraflı məlumat verilir. Seminardan başqa, boksçular həm də sparinqlərdə iştirak edir, məşq prosesinə qatılırlar.

Qeyd edək ki, APB yarışlarında 3 boksçumuz - Cavid Çələbiyev (56 kq), Fariz Məmmədov (69 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) iştirak edəcək. Artıq bütün çəki dərəcələrində hansı idmançıların mübarizə aparacağına aydınlıq gəlib. İkiqat dünya çempionu, olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidovun gücünü sınayacağı 91+ kq çəki dərəcəsində görüşlər Bakıda təşkil olunacaq. Sentyabrın 17-də isə Astanadakı AİBA Boks Akademiyasında püşkatma mərasimi təşkil olunacaq.

Qeyd edək ki, APB yarışları 2016-cı ildə keçiriləcək Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə