Topaz Premyer Liqasında bu həftə keçiriləcək "Neftçi" - "Xəzər Lənkəran" matçı cənub təmsilçisinin baş məşqçisi Oğuz Çetin üçün ilk derbi olacaq. Türkiyəli mütəxəssis komandasını "Neftçi" önünə çıxaran 11-ci baş məşqçi kimi tarixə düşəcək. Maraqlıdır ki, "Neftçi də "Böyük oyun"lara 11 çalışdırıcı çıxarıb. Baş məşqçi postuna 3 ildən sonra qayıdan Arif Əsədovun hesabında "Xəzər Lənkəran"la 8 qarşılaşma var.
Komandalar arasında bu günə qədər 33 qarşılaşma baş tutub. 34-cü duel öncəsi minimal üstünlük "Neftçi" tərəfdədir. Belə ki, "Xəzər Lənkəran" geridə qalan oyunlarda 9 qələbə qazanıb, 14 heç-heçə edib və 10 dəfə uduzub.
Tərəflər arasında baş tutan bütün oyunlarda 66 qol vurulub. "Neftçi" 36, "Xəzər Lənkəran" 30 dəfə rəqib qapısına yol tapıb. Bu görüşlərin bombardiri bakılıların yarımmüdafiəçisi Flavinyodur - 7 qol. "Xəzər Lənkəran"ın ən məhsuldar üzvü isə indi rəqib düşərgədə olan Julius Vobaydır - 3 qol. Uinston Parks, Rəşad Abdullayev, Zaur Ramazanov, Etame Mbilla isə hərəyə 2 dəfə fərqlənə bilib.
Çoxlu sayda yaddaqalan məqamlarla bol olan 33 görüşdən üçü Azərbaycan kuboku, biri Superkubok, 29-u isə Premyer Liqaya təsadüf edib. Hər turnirdə bir qarşılaşma neytral meydanda keçirilib. Digər 30 görüşdə isə komandalar hərəyə 15 dəfə ev sahibliyi edib.
İndiyədək səfərdə 2 qələbəsi olan "Xəzər Lənkəran" bir dəfə Premyer Liqa, bir dəfə Kubokda sevinib. 2011-ci ildəki son qələbə kubokun ¼ finalının bəzəyi olmuşdu - 4:3.
Qarşılaşma öncəsi "Xəzər Lənkəran" tam tərkibdə məşqləri davam etdirir. Artıq Azərbaycan millisinin üzvləri olan Rahid Əmirquliyev, Rasim Ramaldanov və Rauf Əliyev də komandanın məşqlərinə qoşulublar.
Alfred Sanko isə Syerra Leone milli komandasının düşərgəsindən bu gün Bakıya qayıdacaq. Həmçinin milli komandaların heyətlərində olan Ağabala Ramazanov və Elnur Cəfərov da bügündən etibarən komandaya qatılacaqlar.
Zaman və məkan: 13 sentyabr, saat 17:30, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Mübariz Haşımov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inpektor: Əli Hüseynov.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB