Millimiz mübarizəyə sabah qoşulacaq

Azərbaycan millisi sentyabrın 7-də start götürən AVRO-2016-nın seçmə mərhələsində mübarizəyə sabah qoşulacaq. SİA-nın xəbərinə görə, Berti Foqtsun rəhbərlik etdiyi komanda yeni tsiklə Bakıda baş tutacaq ev oyunu ilə başlayacaq.

Bu, Azərbaycan yığmasının qitə çempionatlarında 6-cı seçmə mərhələsidi. İlk dəfə AVRO-1996-nın seçmə mərhələsində çıxış edən komandamız 3 dəfə sonuncu, 2 dəfə 5-ci olub. DÇ-lərin seçmə mərhələsindəki rekordumuzu - 4-cü yeri Avropada da təkrarlamaq, hətta daha yaxşı nəticə göstərmək yolunda ilk matç komandamız üçün böyük əhəmiyyət kəsb edir.

Bu vacib qarşılaşmada yığmamız "Bakcell Arena"da Bolqarıstan millisini qəbul edəcək. Bundan sonra iki çətin səfər görüşənə çıxacaq millimiz H qrupunun favoritləri İtaliya və Xorvatiya ilə görüşlər öncəsi müsbət nəticə qazanmağa borcludu.

Sabahkı oyun millimizin Bolqarıstanla 2-ci matçıdı. 2004-cü il noyabrın 17-də üz-üzə gələn Azərbaycan və Bolqarıstan milliləri Tofiq Bəhramov adına Respublika stadionunda görüşmüşdülər. Futbolçu kimi əfsanə adını qazanan iki sima – yığmamızın braziliyalı çalışdırıcısı Karlos Alberto Torres və bolqarıstanlı Xristo Stoiçkovun rəhbərlik etdiyi komandalar qalibi müəyyənləşdirə bilməmişdilər – 0:0.

Həmin oyun Elmar Baxşıyev, Daniel Axtyamov və Rauf Mehdiyevin yığmamızdakı debütü ilə əlamətdar olmuşdu.

Həmin görüşdən 10 il sonra baş tutacaq matça isə komandamızı Foqts çıxaracaq. Onun rəhbərliyi altında başlayacağımız ardıcıl 4-cü seçmə mərhələdəki ilk rəqibimiz də Avropa çempionatlarında uğura həsrətdi. Yalnız bir dəfə - 1996-cı ildə final mərhələsinə yüksələn balkanlılar orada da mübarizəni qrupda dayandırmışdı.

Oyuna rəng qatan daha bir məqam FİFA reytinqidi. Burada qonşu olan komandalar sabahkı matçdan asılı olaraq, mövqeyini dəyişə bilər. Hazırda Bolqarıstan 72-ci, Azərbaycan isə 73-cüdü. Qələbə qazansa, millimiz FİFA reytinqinin 20 illik tarixində ilk dəfə Bolqarıstandan öndə qərarlaşacaq.

Qeyd edək ki, bu iki komandanın yer aldığı qrupda İtaliya, Xorvatiya, Norveç və Malta milliləri də mübarizə aparır.

AVRO-2016-nın seçmə mərhələsi

H qrupu

9 sentyabr

21:00. AZƏRBAYCAN - BOLQARISTAN

Baş hakim: Alon Yefet

Baş hakimin köməkçiləri: Danni Krasikov, David Elias Bitton

Dördüncü hakim: Nissan Davidi

Əlavə köməkçi hakimlər: Liran Liani, Roy Reynşreyber (hamısı İsrail)

Hakim-inspektor: Krister Fallström (İsveç)

UEFA nümayəndəsi: Yevgeni Milevski (Latviya)

Bakı. "Bakcell Arena" stadionu

Bütün xəbərlər Facebook səhifəmizdə