AİBA-nın yeni proekti olan AİBA Pro Boxing-in (APB) ilk mövsümünün püşkatma tarixi məlum olub. SİA-nın məlumatına görə, tədbir sentyabrın 17-də Qazaxıstanın Almatı şəhərindəki AİBA Boks Akademiyasında keçiriləcək. Sentyabrın 14-dən 17-ə kimi orada həm də boksçular üçün müxtəlif seminarlar təşkil olunacaq. Sentyabrın 17-də Qazaxıstan vaxtı ilə saat 12:00-da Boks Akademiyasının açılış mərasimi keçiriləcək. Tədbirdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, AİBA prezidenti Çinq Ko Vu və digər rəsmi şəxslər iştirak edəcəklər. Açılışdan sonra püşkatma mərasimi olacaq. Artıq hər çəki dərəcəsində iki reytinq favorit müəyyənləşdirilib ki, onlar püşkatmada "səpələnmişlər" sırasında olacaqlar.

Xatırladaq ki, APB yarışlarında 3 boksçumuz - Cavid Çələbiyev (56 kq), Fariz Məmmədov (69 kq) və Məhəmmədrəsul Məcidov (91+kq) mübarizə aparacaq. Hər çəki dərəcəsində iki idmançı 2016-cı ildə keçiriləcək Braziliya Olimpiadasına lisenziya qazanacaq. APB-də ilk döyüşlər oktyabrın 24-də start götürəcək.

Qeyd edək ki, superağır çəki dərəcəsində döyüşlərin Bakıda keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...