Ruslan Abışov: “Belə məğlubiyyət Rusiyada Azərbaycan futbolunun imicini aşağı saldı"

Ruslan Abışov: “Belə məğlubiyyət Rusiyada Azərbaycan futbolunun imicini aşağı saldı"

"Rusiya yığması ilə oyunda belə məğlubiyyəti gözləmirdik. Bu, Rusiyada Azərbaycan futbolunun imicini aşağı saldı. Çünki ruslarla oyunlarda həmişə yaxşı çıxış edirdik və bizim futbolçulara az da olsa maraq var idi". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Ruslan Abışov deyib. O, növbəti oyuna köklənməli olduqlarını vurğulayıb: "Bu məğlubiyyəti unudub, qarşıdakı Bolqarıstanla oyuna köklənməliyik. "Bakcell Arena"da keçirdiyimiz oyunlarda heç vaxt uduzmamışıq. Ümidvaram ki, ən azı bu ənənəni davam etdirəcəyik. Bolqarlarla oyunda daha aqressiv çıxış edib, qələbə qazanmalıyıq".

Futbolçu müdafiədə oynamağın daha asan olduğunu, ancaq lazım gələndə yarımmüdafiədə də oynaya bildiyini və oyun zamanı əlindən gələnin ən yaxşısını etməyə çalışdığını qeyd edib.

O, "Qarabağ" klubunun braziliyalı futbolçularının milliləşdirilməsi məsələsinə də münasibət bildirib: "Təbii ki, istəyirəm ki, öz yerli futbolçularımız yaxşı çıxış etsinlər. Ancaq əgər legionerə ehtiyac varsa, Reynaldo və Riçard Almeyda kimi futbolçuların milliləşdirilməsi futbolumuz üçün xeyirli olar".

R. Abışov daha da yaxşı oynayaraq yenidən legioner həyatı yaşamaq istədiyini qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə