Bakı 2015 Koordinasiya Komitəsinin 4-cü iclasına həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Avropa Olimpiya Komitələrinin Koordinasiya Komissiyasının sədri Spayres Kapralos, gənclər və idman naziri və Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru Azad Rəhimov, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Avropa Olimpiya Komitəsinin (AOK) vitse-prezidenti Canes Koçijanciç iştirak edib.
Avropa Olimpiya Komitələrinin Koordinasiya Komissiyasının sədri Spayres Kapralos 2 gün ərzində keçirilən iclasın çox məhsuldar keçdiyini bildirib: "Biz Azərbaycana 4-cü səfərimizi edirik. Burada bizi hər dəfə qonaqpərvərliklə qarşılayırlar. İclasda Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin şöbə rəhbərləri çıxış etdilər. Məlum oldu ki, çox böyük işlər həyata keçirilib. Komitə əsasən kommersiya və kommunikasiya sahəsində irəliləyişlərə nail olub, sponsorlarla müqavilələr bağlanılıb, hazırlıq prosesi yüksək səviyyədə gedir. Könüllülərin cəlb olunması istiqamətində də işlər davam etdirilir. Yarışa 281 gün qalıb. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi hazırlıq işləri üçün bütün potensialından istifadə edir.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov iclasın işinin uğurla başa çatdığını qeyd edib: "Koordinasiya Komissiyasının üzvlərindən dəyərli məsləhətlər aldıq. İclasda olan təqdimatlardan məlum oldu ki, Avropa Oyunlarına hazırlıq işləri çox yüksək səviyyədə həyata keçirilir. Tikinti işləri cədvələ əsasən davam edir. Gecikmələr olmayacaq. Qalan zaman ərzində müvəqqəti obyektlər tikiləcək, orada təhlükəsizlik avadanlıqları qoşulacaq, media üçün yerlər və keçidlər hazırlanacaq. Könüllülərlə işlər davam etdiriləcək və nəqliyyatla bağlı məsələlər həll olunacaq. İdman obyektlərində yoxlama tədbirlərinin keçirilməsi önəmlidir. Fevralın 1-dək işlər yekunlaşdırılıb, yoxlama tədbirləri keçiriləcək".
A. Rəhimov bütün ölkələrə Avropa Oyunlarında iştirak etmək üçün dəvətnamə göndərildiyini, Azərbaycan tərəfinin təhlükəsizliklə bağlı təminat verdiyini vurğulayıb: "Ermənistana da Avropa Oyunlarına iştirak etmək üçün təklif göndərilib. Onlardan cavab gözləyirik. Ermənistan idmançıları Azərbaycanda boks yarışlarında, Azərbaycan idmançıları Ermənistanda cüdo və kamandan oxatma yarışlarında iştirak ediblər".
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Avropa Oyunlarının başlanmasına qalan 281 gün ərzində hələ bir çox işlərin görüləcəyini, Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsində yüksək səviyyəli yerli və xarici mütəxəssislərin çalışdığını deyib: "Əməliyyat Komitəsində beynəlxalq mütəxəssislərlə yanaşı, Azərbaycanın yüksək səviyyəli mütəxəssisləri fəaliyyət göstərirlər. Azərbaycan tərəfi Avropa Oyunlarına daha böyük töhfələr verəcək. Biz birlikdə daha güclü oluruq".
Avropa Olimpiya Komitəsinin vitse-prezidenti Canes Koçijanciç hazırlıq işlərindən razılığını bildirib: "Bakıya 4-cü səfərimiz çox maraqlı oldu. Hazırlıq işləri məndə xoş təəssürat yaratdı. Təkbətək görüşlər və idman obyektlərini ziyarət etmək üçün zəngin iş qrafikimiz oldu. Bir sözlə, 2 gün çox məhsuldar keçdi".
Qeyd edək ki, AOK Koordinasiya Komissiyasının sonuncu görüşü 2015-ci ilin fevral ayında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB