"Azərbaycanda çimərlik futbolunun parlaq gələcəyi var"

Çimərlik futbolu gələn il Bakıda keçiriləcək ilk Olimpiya oyunlarında yüksək səviyyədə təqdim olunacaq. Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, nazir Azad Rəhimov Bakıda keçirilmiş "Euro Beach Soccer Cup Baku 2014"ü seyr edib.

Çimərlik futbolunun böyük həvəskarı olduğunu qeyd edən nazir deyib: "Çox şadam ki, dünyanın ən məşhur idman yarışlarından biri olan çimərlik futbolu gələn il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarında digər idman növləri sırasında olacaq və dünya şöhrətli komandalar ölkəmizə təşrif buyuracaq. Əminəm ki, sözün əsl mənasında çox maraqlı yarışlar keçiriləcək".

"Euro Beach Soccer Cup Baku 2014"ə qatılan nazir Azad Rəhimov, eyni zamanda, Dünya Çimərlik Futbolu Təşkilatının baş icraçı direktoru Joan Cusco, Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi və Dünya Çimərlik Futbolu Təşkilatının baş icraçı direktorunun müavini Gabino Renales və AFFA-nın baş katibi Elxan Məmmədov ilə görüşüb.

Azad Rəhimov bildirib ki, dövlətimiz idmanın inkişafına yüksək səviyyədə diqqət yetirir, maliyyə vəsaiti ayırır. Bizim əsas məqsədimiz gənc nəsildə yeni və maraqlı idman növlərinə maraq oyatmaqdır. Çimərlik futbolu da bu idman növlərindən biridir. Gələcəkdə çimərlik futbolu üzrə beynəlxalq yarışlara ev sahibliyi etməyi düşünürük və əminəm ki, biz birlikdə çox böyük uğurlara imza atacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə