Olimpiya çempionu: "Mən Olimpiya Oyunlarına qızıl medal qazanmaq üçün gedirdim" AÇIQLAMA

Olimpiya çempionu: "Mən Olimpiya Oyunlarına qızıl medal qazanmaq üçün gedirdim" AÇIQLAMA

"Bolqarıstanın Samakov şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanaraq Yeniyetmələrin Olimpiya Oyunlarında iştirak etmək üçün lisenziya əldə etdim. Daha sonra təlim-məşq toplanışlarına başladıq. Böyük məşqçi Əsgərxan Novruzovun rəhbərliyi altında çox güclü təlimlər keçdik". Bu fikirləri SİA-ya açıqlamasında Yeniyetmələrin Olimpiya Oyunlarında 100 kq çəki dərəcəsində sərbəst güləş üzrə qızıl medal qazanmış İqbal Hacızadə deyib.

O, yarışdan öncə qələbə qazanmağa çox istəkli olduğunu, psixoloji və fiziki cəhətdən yaxşı hazırlaşdığını qeyd edib: "Mən Olimpiya Oyunlarına qızıl medal qazanmaq üçün gedirdim. Özümə güvənirdim. Birinci görüşüm Braziliya, ikinci isə Meksika güləşçisi ilə oldu. Onları asanlıqla 11:0 və 10:0 hesabı ilə məğlub etdim. Yarımfinalda misirli idmançı üzərində 5:0 hesabı ilə qələbə qazandım. Əsas rəqibim isə final görüşündə qarşılaşdığım moldovalı güləşçi idi. Onu Avropa çempionatının finalında da məğlub etmişdim. Dünya çempionatında isə o məni məğlub etmişdi. Olimpiadada yenidən mən qələbə qazandım - 5:1".

Olimpiya çempionu ölkəmizdə idmana göstərilən diqqət və qayğını hər zaman hiss etdiklərini vurğulayıb: "Vətənə qayıdandan sonra Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev bizi qəbul etdi. Cənab Prezidentlə görüş çox səmimi keçdi. Medal qazanan idmançılarımıza və məşqçilərə mükafatlar da ayrıldı. Hər zaman cənab Prezidentimizin diqqət və qayğısını hiss edirik. Bu uğurlarımızın hamısı Onun Azərbaycan idmanının inkişafı naminə gördüyü işlərin bəhrələridir".

Bütün xəbərlər Facebook səhifəmizdə