Çinin Nanjinq şəhərində keçirilən Yeniyetmələrin II Olimpiya Oyunları başa çatdı. Güləş üzrə ölkə yığma komandasının üzvləri Olimpiya Oyunlarında tam heyətlə təmsil olunub. SİA-nın xəbərinə görə, güləşçilərimiz Olimpiya Oyunlarına vəsiqələri bu ilin may ayında Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatında əldə edib. Sərbəst güləşçilərimiz 3 çəkidə, yunan-Roma güləşçilərimiz və qadın güləşçilərimiz isə hər biri 2 çəki dərəcəsində Olimpiya Oyunlarına lisenziya qazanıb. FİLA-nın reqlamentinə əsasən isə, hər bir ölkə sərbəst və yunan-Roma güləş növlərində maksimum 2, qadın güləşində isə 1 idmançı ilə Olimpiadaya qatıla bilərdi.
Ölkəmizi sərbəst güləş yarışlarında Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq), qadın güləşçilərin yarışında Leyla Qurbanova (52 kq), yunan-Roma güləşi üzrə yarışlarda isə Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) təmsil edib.
Güləşçilərimizin hər biri inamlı mübarizə apardı və onlardan 3-ü qızıl, 2-si gümüş medal qazanmaqla Azərbaycanın güləş ölkəsi olduğunu bir daha sübut edib. Qazanılan bu uğur ölkəmizdə idmana, xüsusilə güləş idman növünə ən yüksək səviyyədə diqqətin və qayğının bariz nümunəsidir. Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev daim mötəbər yarışlardan öncə və sonra idmançılarla görüşündə onlara etimadın tam olduğunu və hər cür şəraitin yaradıldığını bildirir. Qazanılan bu uğurlar güləşçilərin ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək etimada sədaqətinin nəticəsidir.
Güləş yarışlarının ilk günündə mübarizə aparan yunan-Romaçılarımız Cabbar Nəcəfov (50 kq) və İslambek Dadov (69 kq) finala qədər inamla irəlilədi. Finalda rəqibindən üstün olan İslambek Dadov qızıl medal qazandı və Olimpiya çempionu oldu. Cabbar Nəcəfov isə gümüş medala layiq görülüb.
Yeniyetmə qızların mübarizəsində təmsilçimiz Leyla Qurbanova (52 kq) finala qədər inamla güləşib. Ancaq final görüşündə Yaponiyadan olan rəqibinə uduzub, Olimpiya Oyunlarını ikinci sırada tamamladı və gümüş medala layiq görülüb.
Həm Olimpiya Oyunlarının, həm də elə güləş yarışlarının son günündə mübarizəyə sərbəst güləşçilər qoşuldu. Teymur Məmmədov (63 kq) və İqbal Hacızadə (100 kq) həm yarımqrup görüşlərində, həm də final görüşündə uğurla çıxış edərək ölkəmizə bir gündə 2 qızıl medal qazandırıb.
Xüsusilə qeyd etmək lazımdır ki, Olimpiya çempionlarımız keçirdikləri görüşlər ərzində rəqiblərinə hamısı bir yerdə cəmi 1 xal verib. Belə ki, İslambek Dadov bütün görüşlərini 13:0, Teymur Məmmədov 39:0, İqbal Hacızadə isə 31:1 hesablı qələbələrlə başa vurub.
Qeyd edilməli olan daha bir məqam isə, sərbəst növdə mübarizə aparan güləşçimiz Teymur Məmmədovun bu il iştirak etdiyi bütün mötəbər yarışlarda fəxri kürsünün ən yüksək pilləsində qərarlaşmasıdır. Belə ki, 2014-cü il ərzində qatıldığı Avropa və Dünya çempionatları, həmçinin Olimpiya Oyunlarında qızıl medal qazanan güləşçimiz ona bəslənilən bütün ümidləri doğruldub.
Yeniyetmə güləşçilərimizin Olimpiya Oyunlarında qazandığı bu nailiyyət, bütövlükdə Azərbaycan Güləş Federasiyasının sistemli və düzgün istiqamətli fəaliyyətinin nəticəsi olmaqla yanaşı, Azərbaycan güləşinin gələcəyinin etibarlı əllərdə olduğunun göstəricisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB