BAOƏK tələbələr arasında keçirilən sorğunun nəticələrinə həsr olunmuş mətbuat konfransı təşkil edib

BAOƏK tələbələr arasında keçirilən sorğunun nəticələrinə həsr olunmuş mətbuat konfransı təşkil edib

Bu gün Bakı 2015 Avropa Oyunlarının Əməliyyat Komitəsi ali və orta ixtisas məktəblərinin tələbələri arasında keçirilən sorğunun nəticələrinə həsr olunmuş mətbuat konfransı təşkil edib. SİA-nın məlumatına görə, tədbir "Fairmont" otelində keçirilib. Konfransda Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq, Azərbaycan Gənclər Fondunun icraçı direktoru və Bakı 2015-in Təşkilat Komitəsinin üzvü Fərhad Hacıyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və Bakı 2015 Avropa Oyunlarının ilk könüllülərindən biri kimi seçilən Azər Alməmmədov iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, aparılan sorğunun nəticələri minlərlə Azərbaycan gəncinin Bakı 2015 Avropa Oyunları zamanı könüllü kimi fəaliyyət göstərmək istədiyini ortaya çıxarıb. 150403 azərbaycanlı tələbə arasında keçirilmiş sorğu indiyə qədər ölkədə aparılmış ən böyük tədqiqatdır. Bu tədqiqat göstərir ki, sorğu iştirakçılarının 71%-i Azərbaycanın Avropa Oyunlarına ev sahibliyi etməsinin ölkəmizə mənfəət gətirəcəyinə inanır. 26000-dən çox sorğu iştirakçısı isə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) ilk oyunların keçirilməsi üçün nəzərdə tutduğu 12000 könüllü vəzifəsinə ərizə verməyi gözləyir.

Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş Direktoru Saymon Kleq ilk dəfə keçiriləcək oyunlarda 19 idman növü üzrə ümumilikdə 6000 idmançının iştirak edəcəyini qeyd edib. S. Kleq bildirib ki, oyunlar zamanı 3000 rəsmi şəxs fəaliyyət göstərəcək: "İlk Avropa Oyunlarında işləyəcək 670 peşəkar işçidən 400-ü yerli, 270-i əcnəbilər olacaq. Onların 50 faizi London Olimpiya Oyunlarında fəaliyyət göstərənlərdir. Oyunlar zamanı 12000 könüllünün xidmətindən istifadə olunacaq. Könüllülər peşəkarlara köməklik göstərəcək".

O qeyd edib ki, sorğu Azərbaycan Gənclər Fondunun və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə aparılıb.

Daha sonra çıxış edən Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, könüllülərin əldə edəcəkləri təcrübə Azərbaycanın gələcək inkişafına öz töhfəsini verəcək: "Avropa Oyunları zamanı 12000 könüllü 20 idman və qeyri-idman obyektlərində fəaliyyət göstərəcək. 2 ayda 9000 insan könüllü olmaq üçün müraciət edib. Sorğuda isə 26000 tələbə iştirak edib. Sentyabr, oktyabr və noyabr aylarında müsahibələr təşkil olunacaq".

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov sorğunun bir ay yarım ərzində 109 ali və orta ixtisas məktəbində təşkil olunduğunu qeyd edib. O, bu işdə 200 nəfərin fəaliyyət göstərdiyini və sorğunun 7 sualdan ibarət olduğunu vurğulayıb.

Daha sonra Bakı 2015 Avropa Oyunlarının ilk könüllülərindən seçilən 21 yaşlı Azər Alməmmədov fikirlərini bildirib. O qeyd edib ki, Avropa Oyunlarının yaradacağı ovqatın bir hissəsinə çevrilmək üçün könüllülük gözəl fürsətdir. "Biz Avropaya və hətta bütün dünyaya göstərmək istəyirik ki, müxtəlif mədəniyyətlərə malik bir çox ölkələrdən insanları qarşılayarkən nələr etməyə qadirik"- deyə, A. Alməmmədov bildirib.

Sonda tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə