Dünya Şahmat Olimpiadası başa çatıb

Dünya Şahmat Olimpiadası başa çatıb

Norveçin Tromse şəhərində keçirilən Dünya Şahmat Olimpiadasına yekun vurulub. Aleksandr Xalifmanın kapitanı olduğu kişilərdən ibarət Azərbaycan yığması sonuncu – XI turda vacib qələbə qazanıb. Komandamız Şəhriyar Məmmədyarovun sayəsində ABŞ ilə mübarizədən qalib ayrılıblar. Yekunda dörd komandanın xalları (17 xal) bərabərləşdiyindən əlavə əmsallar millimizin Olimpiadada ilk medalı qazanmasına əngəl olub. Yığmamızla eyni xal toplayan Macarıstan və Hindistan müvafiq olaraq gümüş və bürünc mükafatlara layiq görülüblər. Rusiya millisi dördüncü, millimiz isə beşinci yerdə qərarlaşıb. Olimpiadanın qalibi Çin şahmatçıları olublar.

Dünya Şahmat Olimpiadasında birinci lövhədə oynayan Şəhriyar Məmmədyarov 10 oyundan 7 xal toplayaraq iştirakçılar arasında dördüncü yeri tutub.

Yarışı ilk "onluq"da bitirmək şansı əldə edən qadın şahmatçılarımız Polşa idmançılarına məğlub olaraq 23-cü yerdə qərarlaşıblar.

Qadınlar arasında Olimpiya çempionu adını Rusiya millisi qazanıb. İkinci yeri Çin yığması, üçüncü pilləni isə Ukrayna şahmatçıları tutub.

Qeyd edək ki, növbəti Olimpiada 2016-cı ildə Bakıda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə