Cümə axşamı, avqustun 14-də Norveçin Tromse şəhərində Dünya Şahmat Olimpiadasının sonuncu, 11-ci turunun oyunları keçirilir.
Azərbaycan qrossmeysterlərinin bu turdakı rəqibləri artıq məlumdur. Ölkəmizin kişilərdən ibarət yığması ABŞ komandası ilə, qadın şahmatçılarımız isə Polşa komandası ilə görüşəcəklər.
Son tur ərəfəsində Azərbaycanın kişilərdən ibarət yığmasının aktivində 15 xal var, lakin komandamız qızıl medallar uğrunda mübarizə aparmaq imkanını hələ itirməyib. Kişilərin yarışlarında liderlik edən Çin komandasının 17, Macarıstan yığmasının isə 16 komanda xalı var.
Ölkəmizin qadınlardan ibarət yığmasının aktivində 11-ci tur ərəfəsində 14 komanda xalı var. Burada liderliyi əldə saxlayan Rusiya komandasının aktivində 18, Çin və Ukrayna yığmalarının hərəsinin 17 komanda xalı var.
Dünya Şahmat Olimpiadasının 11-ci turunda kişilərin matçında Azərbaycan və ABŞ komandaları aşağıdakı cütlüklərlə təmsil olunur: Şəhriyar Məmmədyrov – Hikaru Nakamura, Teymur Rəcəbov – Qata Kamski, Rauf Məmmədov – Aleksandr Onişşuk, Eltac Səfərli – Samuel Şenkland.
Qadın şahmatçılardan ibarət Azərbaycan və Polşa yığmalarının matçında bu cütlüklər qarşılaşır: Zeynəb Məmmədyarova – Monika Soçko, Gülnar Məmmədova – İolanda Zavadska, Xəyalə Abdulla – Karina Şepkovska-Xorovska, Türkan Məmmədyarova – Marta Bartel.
Xatırladaq ki, Tromsedə keçirilən 41-ci Dünya Şahmat Olimpiadasında kişilərdən ibarət 177 və qadınlardan ibarət 136 yığma komanda iştirak edir. Turnirdə iştirak edən şahmatçıların ümumi sayı iki mindən çoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB