“Xəzər Lənkəran”da 5 debütant

“Xəzər Lənkəran”da 5 debütant

Topaz Premyer Liqasının 2014/15 mövsümünün startı 5 futbolçunun "Xəzər Lənkəran"da debütü ilə əlamətdar olub. SİA-nın məlumatına görə, AZAL-la səfər oyununda Rəşad Sadiqov, Rauf Əliyev, Alfred Sanko, Qalin İvanov və sonradan meydana çıxan Fernando Qabriel ilk dəfə ağ-yaşıl formada rəsmi matça çıxıb.

"AZAL Arena"da baş tutan görüşədək 172 oyunçu rəsmi matçlarda "Xəzər Lənkəran"ın formasını geymişdi. I turun qarşılaşmasından sonra bu rəqəm 177-yə çatıb.

1:1 hesabı ilə başa çatan qarşılaşmada debüt edənlərdən ikisi yerli, 3-ü legioner futbolçudur. Rəşadla Rauf klub tarixinin yerli oyunçularının ümumi sayını 65-ə çatdırıb. Milliləşənlər də daxil olmaqla "Xəzər Lənkəran"da oynamış legionerlərin sayı 112-dir. Bura daxil olan son 3 oyunçudan Alfred Syerra-Leone, Qalin Bolqarıstan, Fernando Braziliya təmsilçisidir.

Sonuncunun sayəsində "Xəzər Lənkəran"dakı təmsilçilik sayında Braziliya Rumıniyaya çatıb. Bu iki ölkədən rekord sayda - 18 futbolçu komandanın formasını geyinib. Qalin isə 5-ci bolqarıstanlıdır. Alfred Julius Vobaydan sonra ikinci syerra-leoneli kimi klub tarixinə düşüb.

Ümumilikdə isə 112 legioner 37 ölkəni təmsil edir: Rumıniya, Braziliya – hərəsi 18, Türkiyə - 10, Serbiya – 7, Belarus, Bolqarıstan – hərəsi 5, Portuqaliya, İspaniya – hərəsi 4, Xorvatiya - 3, Albaniya, Argentina, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Makedoniya, Syerra-Leone – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Fil Dişi Sahili, Moldova, Nigeriya, Qana, Slovakiya, Latviya, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya, Mərakeş, Kamerun - hərəsi 1.

R. Əliyev debüt oyununda mövsümün ilk qoluna imza atıb. Bununla da o, "Xəzər Lənkəran"da qol hesabını açıb. Futbolçu klubun 10 illik tarixində qol sevinci yaşayan 91-ci oyunçudur. Bu oyunçulardan 60-ı, milliləşənlər də daxil olmaqla əcnəbilərdir. Rauf isə qol vuran 31-ci yerli futbolçu kimi tarixə düşüb. Bu 91 futbolçudan başqa, daha 7 dəfə "Xəzər Lənkəran"ın qoluna rəqib oyunçularının avtoqolu səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə