Dünya Şahmat Olimpiadasının onuncu turunda Azərbaycan yığmalarının rəqibləri Norveç və Ukrayna komandalarıdır. Norveçin Tromse şəhərində 41-ci Dünya Şahmat Olimpiadasının 10-cu turu başlanıb. Azərbaycanın qadınlardan ibarət yığmasının bugünkü rəqibi Norveç komandasıdır.
Bu turda aşağıdakı cütlüklər qarşılaşır: Zeynəb Məmmədyarova – Silye Byerke, Gülnar Məmmədova – Olqa Doljikova, Xəyalə Abdulla – Nina Koskela və Türkan Məmmədyarova - Elen Xaqesater.
Qadınlardan ibarət yığmalar arasında 100 faizlik nəticə nümayiş etdirən Rusiya komandası 18 xal ilə liderdir. İkinci yeri tutan Çin yığmasının aktivində 16 xal, ən güclü üçlüyü qapayan Ukrayna komandasının hesabında 15 xal vardır.
Onuncu turda aşağıdakı yığmalar qarşılaşacaqlar: Ukrayna-Rusiya, Çin-İspaniya, Almaniya-Rumıniya, Gürcüstan-Polşa, Norveç-Azərbaycan, Qazaxıstan-Fransa, Slovakiya-Bolqarıstan və b.
Kişilərin turnirində ölkəmizin yığması Ukrayna komandası ilə oynayır. Bu görüşün nəticələri Azərbaycan şahmatçıları üçün çox vacibdir.
10-cu turda Ukrayna-Azərbaycan komandalarının matçında bu cütlüklər çıxış edir: Şəhriyar Məmmədyarov - Vasili İvançuk, Teymur Rəcəbov - Ruslan Ponomaryov, Rauf Məmmədov - Pavel Elyanov, Eltac Səfərli - Aleksandr Moiseyenko.
9 turdan sonra Azərbaycan yığması 14 komanda xalı ilə 4-cü yeri tutur. Hərəsinin 15 komanda xalı olan Fransa və Çin yığmaları liderdir. Hər birinin aktivində 14 komanda xalı olan Ukrayna, Azərbaycan, Bolqarıstan, Macarıstan və Rumıniya yığmaları 3-7-ci yerləri bölüşürlər.
10-cu turda kişilərdən ibarət aşağıdakı yığmalar görüşürlər: Ukrayna-Azərbaycan, Fransa-Çin, Macarıstan-Rumıniya, Bolqarıstan-Polşa, ABŞ-Argentina, Serbiya-Rusiya, Almaniya-Hindistan, Niderland-Özbəkistan, Çexiya-Belarus, Vyetnam-Ermənistan.
Xatırladaq ki, Dünya Şahmat Olimpiadasının 9-cu turunda Azərbaycanın kişilərdən ibarət yığması Rumıniya nümayəndələri ilə heç-heçə oynayıb, qadınlardan ibarət komandamız isə braziliyalı rəqiblərinə qalib gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB