“SOCAR Yay Məktəbi" çərçivəsində velosiped yarışı keçirilib FOTOLAR

“SOCAR Yay Məktəbi" çərçivəsində velosiped yarışı keçirilib FOTOLAR

Dövlət Neft Şirkətinin "SOCAR Yay Məktəbi-2014" layihəsi çərçivəsində ilk dəfə olaraq velosiped yarışı təşkil edilib. SİA-nın şirkətə istinadən xəbər verir ki, Gənclər Azərbaycan Velosiped İdmanı Federasyası ilə birlikdə veloparkda keçirilən yarışda aktiv iştirak ediblər.

Reqlamentə görə, 7 komandanin hər birindən 2 iştirakçı seçilərək mübarizəyə qoşulub. Estafeti birinci olaraq 4 dəqiqə, 27 saniyə nəticə ilə Süleyman Sadıqov və Mahir Həşimovdan ibarət duet qət edib. Yarışın qaliblərinə hədiyyələr verilib.

Qeyd edək ki, "SOCAR Yay Məktəbi-2014" layihəsi uğurla davam etməkdədir. Avqustun 7-də, yay məktəbinin 4-cü günündə ARDNŞ-nin Emal kompleksi üzrə texnoloji araşdırmalar şöbəsinin əməkdaşı Nizami Babayev "Neft-qaz emalı" mövzusunda təqdimat keçirib.

O, Heydər Əliyev adına Bakı Neft Emalı və "Azərneftyağ" Neft Emalı zavodları, habelə Qaz Emalı Zavodu haqqında, eləcə də neftin fiziki xassələri, keyfiyyət göstəriciləri, fraksiya tərkibi və digər məsələlər barədə məlumat verib.

"Azərikimya" İstehsalat Birliyinin şöbə rəisi Rza Rzayev "Neft-kimya sənayesinə giriş" mövzusunda etdiyi təqdimatda Azərbaycanda kimya və neft-kimya istehsalı, Birliyin strukturu və fəaliyyət istiqamətləri barədə söz açıb.

Təqdimatlardan sonra iştirakçılar üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavoduna ekskursiya təşkil olunub, burada "Yay Məktəbi" iştirakçılarına zavodun qurğuları, istehsalat prosesi və həyata keçirilən işlər barədə ətraflı məlumat verilib.

Günün axşam qonağı Dövlət Neft Şirkətinin Emal üzrə vitse-prezidenti David Məmmədov "Yay Məktəbi" dövründə iştirakçılara uğurlar arzulayıb, neftin və qazın emalı, Azərbaycanda neft məhsullarına olan daxili tələbatın ödənilməsi üçün həyata keçirilən işlər, o cümlədən mövcud müəssisələrin rekonstruksiyası, ölkədə və xaricdə yeni emal müəssisələrinin yaradılması və digər işlər barədə ətraflı məlumat verərək, iştirakçıları maraqlandıran sualları cavablandırıb. David Məmmədov son 20 ildə neft-qaz sənayesinin inkişafından söz açıb, bu sahədə Ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərini vurğulayıb.

"SOCAR Yay məktəbi"nin 5-ci günü ekologiya mövzusuna həsr olunub. ARDNŞ-nin Xarici təqaüd proqramının məzunu Mehman Nəcəfli və Ekologiya İdarəsinin əməkdaşı Rakif Qafarov "ARDNŞ-nin ekoloji layihələri" mövzusunda təqdimatlarla çıxış ediblər. Təqdimatlarda Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi layihəsi üçün ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi hesabatının tərkib hissələri, eləcə də neftlə çirklənmiş torpaqların təmizlənməsi, atmosferə atılmaların azaldılması və "Eko-Park" layihəsi barədə ətraflı məlumat verilib.

İDEA İctimai Birliyinin Layihələr üzrə koordinatoru Surxay Novruzov "İDEA-nın fəailiyyəti və layihələri" və "Təmiz şəhər" ASC-nin sektor müdiri Faiq Məmmədov "Bakı şəhərinin məişət tullantılarının utilizasiyası" mövzularında çıxışlar edib, "Təmiz şəhər" ASC və İDEA-nın həyata keçirdiyi beynəlxalq və yerli layihələr, xüsusi mühafizə proqramları, "Ağacların kəsilməsinə yox!" və başqa layihələrdən söz açmış, Bakı şəhərində bərk məişət tullantılarının idarə olunması, Balaxanı Sənaye Parkının fəaliyyəti, bu sektorda investorlara yaradılmış şərait barədə ətraflı məlumat veriblər.

Həmin gün iştirakçıların "Ekoloji park"a ekskursiyası təşkil edilib. Günün axşam qonağı olan Ekologiya İdarəsinin rəisi Azər Əliyev ARDNŞ-nin ekoloji siyasətindən danışmış, bərpa olunan enerji, Bakı buxtasının təmizlənməsi və s. layihələr haqqında məlumat verib.

Avqustun 9-da "Neft və qaz məhsullarının satışı və nəqli" mövzusunda məşğələlər keçirilib. ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin İxrac əməliyyatları departamentinin ekspertləri Fuad Kərimov, Polad Əliyev və Aslan Məhərrəmli "Neftlə bağlı əməliyyatlara giriş", "Neftin marketinqi və satışı" və "Neft məhsullarının marketinqi və satışı" mövzularında təqdimatlar keçirib, iştirakçıları maraqlandıran suallar ətrafında diskusiya aparılıb.

Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin baş direktorunun müavini Emil Alxaslı, Kompleksin əməkdaşları Fuad Quluzadə və İslam Xəlilov tərəfindən "Neft-qaz emalı və neft-kimya kompleksi" mövzusunda keçirilmiş təqdimatlar iştirakçıların böyük marağına səbəb olub. Günün axşam qonağı ARDNŞ-nin Qaz İxrac İdarəsinin rəis müavini Kamal Abbasov və Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəis müavini Nuru Quliyev olublar. Onlar şirkətin iqtisadi sahədə fəaliyyətindən danışıb, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Yay məktəbinin 7-ci günü ARDNŞ-nin həyata keçirdiyi yeni layihələrə həsr olunub. Şirkətin xarici təqaüd proqramının məzunları Baba Mahmudov və Vidadi Hacıəliyev "ARDNŞ-in strateji layihələri" mövzusunda təqdimatlar ediblər.

"Azərbaycan Cənubi Qafqaz Boru Kəməri" MMC-nin marketinq üzrə eksperti Anar Hacıyev və "SOCAR Polymer" MMC-nin maliyyə təhlilçisi Hüseyn Ağayev "Şahdəniz layihəsi" mövzusunda, Qaz İxrac İdarəsi Marketinq şöbəsinin rəisi Sərxan Əliyev və həmin şöbənin eksperti Kənan Məmmədli "Azərbaycanın qaz ixrac strategiyası və perspektivləri" mövzularında çıxışlar ediblər. Təqdimatçılar qaz ixracının tarixi, qaz ixrac strategiyasının formalaşması və bu istiqamətdə həyata keçirilən layihələr barədə ətraflı məlumat veriblər. Daha sonra dinləyicilər üçün "Breyn-ring" intellektual oyun təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə