Tarix yazan güləşçi qızlar Vətənə qayıtdı FOTOLAR

Tarix yazan güləşçi qızlar Vətənə qayıtdı FOTOLAR

Xorvatiyanın Zaqreb şəhərində keçirilən güləş üzrə gənclər arasında dünya çempionatında uğurla çıxış edən qızlardan ibarət komandamız Vətənə qayıdıb. SİA-nın məlumatına görə, 1 qızıl və 2 gümüş medal qazanan güləşçilərimizi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında federasiya rəsmiləri, azarkeşlər və media nümayəndələri qarşılayıblar.

Komandamızın heyətində 72 kq çəki dərəcəsində yarışan Səbirə Əliyeva dünya çempionu olub. Raqnetta Qurbanzadə 67, Solmaz Həşimzadə isə 55 kq-da bürünc medal qazanıb.

Yarışda bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxan Səbirə Əliyeva ən çətin görüşünü yarımfinalda qazaxıstanlı rəqibinə qarşı keçirdiyini vurğulayıb. Respublikamızın himnini səsləndirdiyinə, bayrağımızı ucaltdığına görə fəxr hissi keçirdiyini deyən güləşçimiz üzərində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Bürünc medal qazanan Raqnetta Qurbanzadə əsas hədəfinin qızıl medal olduğunu deyib: "Etiraf edim ki, yaponiyalı rəqibim daha yaxşı təsir bağışladı. Amma bundan sonrakı görüşlərdə məşqçilərin sayəsində toparlana bildim. Hər halda, dünya çempionatında 3-cü yer də pis nəticə deyil. Çox sevinirəm ki, mükafatçılar sırasına düşə bildim".

Çempionatın digər bürünc mükafatçısı Solmaz Həşimzadə ölkəmizə medal qazandırdığına görə sevincini gizlətməyib və sözlərinə belə davam edib: "Bundan sonra daha səylə çalışacağam. Əsas qələbələrimiz hələ irəlidədir. İnkişaf etmək, uğur qazanmaq üçün bizə hər cür şərait yaradılıb. Bunlardan istifadə edib, daim yeni-yeni qələbələrə can atacağıq".

Xatırladaq ki, gənc qızlar indiyə qədər qatıldıqları dünya çempionatlarında ilk qızıl medalı 2010-cu ildə qazanıb. 2013-cü ildə isə, analoji yarışı qızlar 2 bürünc medalla tamamlayıb. Bu dəfəki dünya çempionatında isə, son 4 ildə qazanılan qədər medal qazanılıb - 1 qızıl və 2 bürünc. Bu nəticə ilə yığmamız komanda hesabında Yaponiya və Rusiyadan sonra 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə