Gənc yunan-Roma güləşçiləri güləş tarixini yenilədi FOTOLAR

Gənc yunan-Roma güləşçiləri güləş tarixini yenilədi FOTOLAR

Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatında yunan-Roma yarışları başa çatıb. Böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev, Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi İbrahim Nurullayev (50 kq), Murad Məmmədov (55 kq), Elman Muxtarov (60 kq), Ruhin Mikayılov (66 kq), Sənan Əlimirzəyev (74 kq), İslam Abbasov (84 kq), Orxan Nuriyev (96 kq) və Əli Həsənov (120 kq) təmsil edib.

Güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanmaqla Azərbaycan güləş tarixində yeni səhifə yazıblar. 8 çəki dərəcəsindən 6-da finala yüksələn təmsilçilərimiz komandanın gələcəyinin etibarlı əllərdə olduğunu sübut ediblər. Yekunda 59 xal toplayan yığmamız komanda hesabında da Dünya çempionatını ilk sırada tamamlayıb. İkinci yerdə Gürcüstan, üçüncü sırada Türkiyə yığması qərarlaşıb.

Məlumat üçün bildirək ki, 2012-ci ildə Taylandda keçirilən Dünya çempionatında da gənc yunan-Roma güləşçilərimiz komanda hesabında birinci olmuşdu. Ancaq həmin vaxt güləşçilərimiz 3 qızıl və 1 bürünc medalla Vətənə qayıtmışdılar.

Bu dünya çempionatı həm də güləşçilərimiz üçün ona görə yaddaqalan olub ki, Dağlıq Qarabağda son günlərdə baş verən hadisələr fonunda güləşçilərimiz qarşılaşdıqları bütün erməni rəqibləri ilə görüşdən qalib ayrıldılar, həm də böyük üstünlüklə. Yunan-Roma güləşi yarışlarında güləşçilərimiz 4 dəfə erməni rəqibləri ilə qarşılaşdılar və bütün görüşlərdə üstün tərəf Azərbaycan olub.

Yarışların ikinci günündə isə, bir ay bundan öncə Avropa çempionu olmuş erməni güləşçinin Ruhin Mikayılova məğlubiyyətdən boyun qaçıra bilməməsi və Azərbaycan güləşçiləri ilə görüşlərin hamısında qarşılaşdıqları acı nəticə Ermənistan yığmasının məşqçilər korpusunu əməlli-başlı hövsələdən çıxardıb. Azərbaycan güləşçilərinin qələbələrini həzm edə bilməyən erməni məşqçilər hisslərini cilovlaya bilməyərək bütün tamaşaçıların gözü önündə öz güləşçilərini təpikləməklə sakitləşməyə çalışıblar.

Əlbəttə, Azərbaycan güləşçilərinin bu uğuru təbiidir və Federasiya rəhbərliyinin, məşqçilər korpusunun məqsədyönlü fəaliyyətinin nəticəsidir. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin birbaşa diqqət və nəzarətində olan Azərbaycan idmanı gündən-günə inkişaf edir. Bu gün güləşçilərin hazırlığı üçün hər bir şərait yaradılıb, onların fiziki hazırlığı, vitaminlərlə təminatı daima Federasiya rəhbərliyinin diqqət mərkəzindədir, güləşçilərin sosial rifah halının yaxşılaşdırılması üçün dövlət qayğısı göstərilir. İnanırıq ki, məhz bu cür diqqət və qayğının müqabilində qazanılan uğurlar, əldə edilən nailiyyətlər də elə artan templə davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə