Dünya Şahmat Olimpiadasında Azərbaycan idmançılarının rəqibləri müəyyənləşib
Avqustun 2-də Norveçin Tromso şəhərində Dünya Şahmat Olimpiadası start götürüb. Olimpiadada ümumilikdə 317 kollektiv, o cümlədən Azərbaycanın kişilərdən və qadınlardan ibarət yığma komandaları da iştirak edir.
Kişi şahmatçılardan ibarət yığmada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Qədir Hüseynov və Rauf Məmmədov yer alıblar. Komandanın kapitanı Aleksandr Xalifmandır. Fikrət Südeyifzadənin kapitanı olduğu qadınlardan ibarət yığmada Zeynəb və Türkan Məmmədyarovalar, Gülnar Məmmədova, Xəyalə Abdulla və Səbinə İbrahimova mübarizə aparırlar. Azərbaycan olimpiadada 10 hakimlə də təmsil olunur.
Kişilərdən ibarət yığma komandamız əvvəlcə IPCA (Fiziki Cəhətdən Əlil Şahmatçıların Beynəlxalq Assosiasiyasının) yığması ilə qarşılaşacaq. Qadın şahmatçılarımızın isə ilk rəqibi İrlandiya millisi olacaq.
Olimpiada çərçivəsində avqustun 12-də Tromsoda Azərbaycan günü keçiriləcək. Mərasimdə Olimpiadanın bayrağı 2016-cı ildə bu mötəbər yarışa ev sahibliyi edəcək Bakı şəhərinin rəsmilərinə təqdim olunacaq. Tədbirdə Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Şahmat Federasiyasının nümayəndələri iştirak edəcəklər.
Dünya Şahmat Olimpiadası avqustun 15-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB