Azərbaycan velosipedçisi bürünc medal qazandı

Azərbaycan velosipedçisi bürünc medal qazandı

Litvanın Panevejis şəhərində velosiped idmanının trek növü üzrə "Panevejis-2014" turniri keçirilir. Beynəlxalq Velosipedçilər İttifaqının birinci kateqoriyalı yürüşünün ilk günündə Azərbaycan yığma komandası bir medal qazanıb.

Kişilər arasında 200 metr məsafəyə sprint yarışlarında mübarizə aparan idmançımız Sergey Omelçenko təsnifat və dörddəbir final yürüşlərini uğurla dəf edərək yarımfinala yüksəlib. Yarışın bu mərhələsində yerli velosipedçiyə uduzan təmsilçimiz bürünc medal uğrunda Ukrayna nümayəndəsi ilə mübarizə aparıb. Reqlamentə görə, iki qələbəyədək davam edən sprint yürüşü Sergey Omelçenkonun üstünlüyü ilə keçib və o, fəxri kürsünün üçüncü pilləsinə qalxmaqla yığma komandamıza ilk medalı qazandırıb.

Bu həm də velosipedçimizin aktivinə 64 reytinq balı gətirib.

Qadınların 20 kilometr məsafəyə yürüşündə isə yığma komandamızın bir üzvü çıxış edib. Yelena Pavluxina mübarizəyə yaxşı başlamaqla bir neçə dövrə liderlər qrupunda qərarlaşsa da, yekunda 6-cı yeri tutub və bununla da reytinqini 40 xalla zənginləşdirib.

"Panevejis-2014" turnirinə avqustun 3-də yekun vurulacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə