Fazil Qarayev: "Araşdırmalar sübut edir ki, ATFF bu hadisələrdə günahı olmayan tərəfdir"

Fazil Qarayev: "Araşdırmalar sübut edir ki, ATFF bu hadisələrdə günahı olmayan tərəfdir"

Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) prezidenti Fazil Qarayev mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, federasiyanın ofisində baş tutan konfransın mövzusu tələbə futzalçılar arasında keçirilən dünya çempionatında Azərbaycan yığma komandasının yarışlardan kənarlaşdırılması olub. Federasiya prezidenti sözügedən hadisə ilə əlaqədar ATFF-də iclas keçirildiyini və məsələnin araşdırıldığını qeyd edib: "İyulun 27-də keçirdiyimiz iclasda ATFF-nin prezident və vitse-prezidentləri, baş katibi, mətbuat xidmətinin rəhbəri, İcraiyyə Komitəsinin 7 üzvü, Sahə Futbol Federasiyasının vitse-prezidenti, Azərbaycan Futzal Federasiyanın baş katibi və İspaniyanın Malaqa şəhərində dünya çempionatında çıxış etmiş yığma komandanın baş məşqçisi iştirak edib.

Üç saata yaxın davam edən iclasın yekununda məlum olub ki, yarışdan öncə ATFF komandaya bütün lazımi şəraiti yaradıb. Məşqlər üçün yer və şərait, səfərdə gündəlik xərclər üçün vəsait, qalib gələcəkləri halda mükafatlar ayrılıb, sənədləşmə işləri yerinə yetirilib. Sahə Futbol Federasiyası isə komandaya səfər üçün maliyyə ayırıb. Yığma komanda orada ilk oyunu 5:1 hesabı ilə Belarusiyaya məğlub olub. Növbəti oyun zamanı komandamızın baş məşqçisi ikinci məşqçini meydana buraxıb. Oyundan sonra o biri komanda şikayət edib və araşdırma zamanı məlum olub ki, ikinci məşqçi futbolçu əvəzinə meydana çıxıb. Azərbaycan Futzal Federasiyasının baş katibinin sözlərinə görə, o, tribunada olduğundan işlərə müdaxilə edə bilməyib.

Məlum hadisə ilə bağlı iki cəza aldıq. Bunlardan biri yığmamızın yarışdan uzaqlaşdırılması, ikincisi AFFA-nın qərarı ilə avqustun 2-də Hollandiyanın Rotterdam şəhərində başlayacaq böyük futbol üzrə Avropa çempionatında oynaya bilməməyimizdir. Avropa çempionatına hazırlıq məqsədilə aylar öncədən komanda formalaşdırmışıq, təlim-məşq toplanışları, yoxlama oyunları keçirmişik və heyətin sənədləşmə işlərini başa çatdırmışıq. UEFA və yaxud təşkilat komitəsinin bunu necə qiymətləndirəcəyini düşünmək çətindir. Çünki bu, yaxşı hal deyil. Futzal üzrə belə bir qalmaqal yaşanmışdısa, böyük futbol üzrə yarışda iştirak etməmək də ikinci insidentə səbəb olur. Bunun ATFF-nin imicinə necə təsir edəcəyini bilmirəm. Yarışa niyə getməməyimizin səbəbini də göstərə bilmirik. Orada komanda qruplara bölünüb, otel, avtobus ayrılıb və s."

F. Qarayev bildirib ki, ATFF-nin vitse-prezidentləri burada komandanın bütün hazırlıqlarında iştirak ediblər: "Onlar buradakı işləri ilə bağlı ardıcıl səfərlərə çıxa bilmirlər. Çünki qarşıda Avropa çempionatı da var idi. Həm də federasiyanın vitse-prezidentləri oyunlarda məşqçinin yanında dayanmırlar. Meydanın kənarına baş məşqçi, məşqçi köməkçisi, həkim və s. buraxılır. Ora heç komandanın rəisi də buraxılmır. ATFF-nin vitse-prezidentləri orada iştirak etsəydilər belə, onlar baş məşqçinin yanında olmayacaqdılar ki, hadisəyə müdaxilə etsinlər. Bu da ATFF-nin günahının olmadığını sübut edir.

İddia olunur ki, heyətdə 10 nəfər göndərilib və onlardan birinin yaşı çox olduğuna görə köməkçi məşqçi kimi aparılıb. Ancaq 15 futbolçu göndərilsə belə, ikinci məşqçini oyuna buraxsaydılar yenə cəzalandırılacaqdılar. Nə olur olsun, belə böyük səhv etmək olmaz".

Federasiya prezidenti keçirilən iclasla bağlı AFFA-ya məktub göndərdiklərini deyib: "Məktubda bildirilir ki, iclasda ATFF-nin baş vermiş insidentlə ilə heç bir əlaqəsi olmadığı məlum olub. Malaqaya dəvət Azərbaycan Futzal Federasiyana təklif olunub. Komandanı onlar qurub və səfərə də onların rəhbərliyi altında yola salınıb. Orada baş məşqçinin məşqçi köməkçi kimi qeydiyyatdan keçmiş şəxsi futbolçu kimi oynatması insidentə səbəb olub. Azərbaycan Futzal Federasiyasının baş katibinin sözlərinə görə, o, tribunada olduğu üçün hadisəyə müdaxilə etmək imkanı olmayıb. Deməli hadisəyə cavabdeh baş məşqçidir. Araşdırmalar sübut edir ki, ATFF bu hadisələrdə günahı olmayan tərəfdir.

Məktubda həmçinin AFFA-nın qərarı ilə böyük futbol üzrə tələbələrdən ibarət komandamızın Avropa çempionatına göndərilməməsi və bununla ATFF-nin rəhbərliyinin altı aylıq əziyyətinin puç olduğu bildirilib. AFFA-dan baş vermiş hadisəyə hüquqi qiymət verilməsi xahiş olunub. Bu məktub AFFA-nın katibliyində qeydiyyatdan keçib".

Bütün xəbərlər Facebook səhifəmizdə