Nenad Laloviç: "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi yüksək səviyyədə təşkil olunub

Nenad Laloviç: "Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi yüksək səviyyədə təşkil olunub

Bu gün "Sərhədçi" Olimpiya İdman Mərkəzində FİLA-nın prezidenti Nenad Laloviçin iştirakı ilə "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsinə həsr olunmuş mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, N. Laloviç Azərbaycanda sonuncu dəfə iki il əvvəl olduğunu qeyd edib: "Bakı çox dəyişib. Paytaxtınızda çox yeniliklərin şahidi oldum. Ölkənizin inkişafını Azərbaycan güləşinin necə inkişaf etməsinə bənzədirəm. Bu gün sizin idmana bağlılığınız, maliyyə dayaqlarınız, federasiyanızın inkişafı göz qarşısındadır. Azərbaycanda olmağımızdan şadıq".

O, Azərbaycanın möhtəşəm idman yarışlarının keçirilməsində peşəkar olduğunu bildirib. "Qızıl Qran Pri" beynəlxalq turnirinin final mərhələsi də yüksək səviyyədə təşkil olunub" deyə, FİLA prezidenti əlavə edib.

Finlandiyada keçirilən Avropa çempionatında püşkün xüsusi qaydada atılmasına münasibət bildirən N. Laloviç yeni qaydada atılan püşkdən heç kimi narazı qalmadığnı deyib: "İstər FİLA, istər hakimlər, istərsə də məşqçilər arasında tamamilə şəffaflığı təmin etmək üçün belə etdik".

Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, FİLA İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev "Qızıl Qran-Pri" beynəlxalq turnirinin final mərhələsində dünyanın ən güclü idmançılarının iştirak etdiyini qeyd edib. Onun sözlərinə görə, yarışda il ərzində keçirilən üç Qran-Pri turnirinin qalibləri, Olimpiya, dünya və Avropa çempionları mübarizə aparırlar.

N. Əliyev bildirib ki, aparıcı güləşçilərimiz zədəli olduğuna görə yarışda orta tərkibli yığma komandamız mübarizə aparır: "Bu yarışın nəticələrinə əsasən, müəyyən çəki dərəcələrində qarşıdan gələn dünya çempionatında iştirak edəcək güləşçilər müəyyənləşəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə